Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı başa çatıb. Ilk dəfə keçirilən çempionatda 19-23 yaşlı idmançılar mübarizə aparıblar.
Çempionatın ilk günündə 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıblar. 65 kq-da mübarizə aparan Məhəmməd Müslümov ardıcıl olaraq Rumıniya və Bolqarıstan güləşçilərini mübarizədən kənarlaşdırıb. Gərgin keçən yarımfinal görüşündə İtaliyalı rəqibinə minimal hesabla uduzan təmsilçimiz bürünc medal uğrunda görüşə çıxıb. Moldova güləşçisini üstələyən Məhəmməd Müslümov çempionatın bürünc medalını qazanıb.
Çempionatın ilk günündə uğurlu çıxışı ilə yadda qalan güləşçimiz 97 kq çəki dərəcəsində mübarizə aparan Nurməhəmməd Hacıyev olub. O, finala qədər maneəsiz irəliləyib və Macarıstan, Rusiya və Almaniyadan olan rəqiblərini mübarizədən kənarlaşdırıb. Qızıl medal uğrunda keçirilən son görüşdə təmsilçimiz Gürcüstan idmançısına məğlub olub və gümüş medalla kifayətlənib. Beləliklə, güləşçilərimiz ilk yarış günündə 1 gümüş və 1 bürünc medal qazanıblar.
Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıblar. Turnirdə 86 kq çəki dərəcəsində mübarizə aparan Məhəmmədhacı Xatiyev ardıcıl olaraq Türkiyə, Macarıstan, Yunanıstan, yarımfinalda isə Rusiya güləşçiləri üzərində inamlı qələbə qazanıb. Güləşçimiz qızıl medal uğrunda finalda Belarus təmsilçisi ilə görüşüb. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb və güləşçimiz gümüş medalla kifayətlənib.
Digər güləşçimiz Əli Maqomedabirov (125 kq) mübarizəyə dörddəbir finaldan qoşulub. İlk görüşdə məğlub olsa da, rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda görüşə imkan qazandırıb. Üçüncü yer uğrunda mübarizədə təmsilçimiz Ukrayna idmançısına qalib gəlib və çempionatın bürünc medalına sahib olub.
Beləliklə, sərbəst güləş yığmamız çempionatı 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) medalla tamamlayıb. Bu nəticə ilə idmançılarımız U-23 Avropa çempionatını komanda hesabında 48 xalla 3-cü pillədə başa vurublar. Rusiya 61 xalla birinci, Gürcüstan 57 xalla ikinci sırada qərarlaşıb.
Çempionatın üçüncü günündə 48 kq, 55 kq, 60 və 69 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar. Yığmamız 3 çəki dərəcəsində təmsil olunub. 55 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Alyona Kolesnik Estoniya, İsveçrə və Belarusdan olan rəqiblərini üstələyərək finala yüksəlib. Final görüşündə onun rəqibi Bolqarıstan idmançısı olub. Rəqibinə heç bir şans verməyən təmsilçimiz vaxtından əvvəl təmiz qələbə qazanaraq U-23 Avropa çempionatının qızıl medalına sahib olub.
Çempionatın dördüncü günündə 53 kq, 58 kq, 63 kq və 75 kq çəki dərəcələrində qadın güləşçilər mübarizə aparıblar. 53 kq çəki dərəcəsində ötən il gənclərin dünya çempionatında bürünc medal qazanan Solmaz Həşimzadə mübarizəyə 1/8 finaldan başlayıb. Ardıcıl olaraq İspaniya və Rumıniyadan olan rəqiblərini məğlub etsə də, yarımfinalda Ukraynalı rəqibinə uduzub. Bürünc medal uğrunda həlledici görüşdə güləşçimiz Bolqarıstanlı həmkarı ilə gərgin keçən qarşılaşmadan qalib ayrılıb və U-23 Avropa çempionatının bürünc medalına sahib olub.
63 kq-da mübarizə aparan gənclər arasında Avropa çempionatının gümüş medalçısı Elmira Qəmbərova ilk görüşdə Rusiyalı rəqibinə tam üstünlüklə qalib gəlib. Yarımfinalda Çexiya güləşçisinə uduzan təmsilçimiz bürünc medal uğrunda güləşib. Polşa idmançısına heç bir şans verməyən Elmira Avropa çempionatını üçüncü sırada tamamlayıb.
Gənclər arasında dünya və Avropa çempionu Səbirə Əliyeva (75 kq) isə çempionata uğursuz başlayıb. Yerli idmançı ilə keçirdiyi ilk görüşündən xalçanı məğlub tərk etsə də, rəqibin finala yüksəlməsi ona bürünc medal şansı verib. Bunun üçün güləşçimiz Macarıstan təmsilçisini məğlub etməli idi. Ancaq bu görüş də güləşçimiz üçün uğurlu alınmayıb. O, çempionatı beşinci sırada tamamlayıb.
Polşanın Valbrzix şəhərində keçirilən güləş üzrə U-23 Avropa çempionatının son iki (5-ci və 6-cı) günündə 59 kq, 66 kq, 71 kq, 75 kq, 80 kq, 85 kq, 98 və 130 kq çəki dərəcələrində yunan-Roma güləşçiləri mübarizəyə qoşulublar.
59 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli Belarus və Macarıstan idmançılarını asanlıqla üstələsə də, yarımfinalda Moldova güləşçisi ilə gərgin keçən görüşdən məğlub ayrılıb. Ancaq güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Serbiya güləşçisi üzərində inamlı qələbə qazanan Eldəniz Əzizli U-23 Avropa çempionatının bürünc medalına sahib olub.
85 kq çəki dərəcəsində mübarizə aparan gənclər arasında dünya və Avropa çempionu İslam Abbasov yarışa Ukrayna və İsveç güləşçiləri üzərində ardıcıl qələbə ilə başlayıb. Almaniya təmsilçisi ilə gərgin keçən görüşdə uduzan güləşçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Rusiya idmançısı ilə bərabər səviyyəli görüşdə qalib olan İslam bürünc medal uğrunda həlledici görüşə çıxıb. Bolqarıstan idmançısı ilə görüş güləşçimizə bürünc medal qazandırıb.
Beləliklə, Azərbaycan güləşçiləri Polşanın Valbrzix şəhərində ilk dəfə keçirilən Avropa çempionatını 9 medalla ( 1 qızıl, 2 gümüş və 6 bürünc) başa vurublar. Xatırladaq ki, 2 gümüş (Məhəmmədhacı Xatiyev, 86 kq və Nurməhəmməd Hacıyev, 97 kq) və 2 bürünc medal (Məhəmməd Müslümov, 65 kq və Əli Maqomedabirov, 125 kq) sərbəst güləşçilərin, 1 qızıl (Alyona Kolesnik, 55 kq), 2 bürünc (Solmaz Həşimzadə, 53 kq və Elmira Qəmbərova, 63 kq) qadın güləşçilərin, 2 bürünc medal isə (Eldəniz Əzizli, 59 kq və İslam Abbasov, 85 kq) yunan-Roma güləşçilərimizin payına düşür.