Qadın hokkeyçilərimiz Olimpiya oyunlarına vəsiqə qazana bilərlər

Qadın hokkeyçilərimiz Olimpiya oyunlarına vəsiqə qazana bilərlər


Fevral ayında Uruqvayın Montovideo şəhərində keçirilən Dünya Hokkey Liqası turnirinin II raundunda mübarizə aparan Azərbaycanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandasının 8 iştirakçı arasında III yeri tutması barədə məlumat vermişdik. O zaman həmin yarışın finalçıları- İtaliya və Uruqvay yığmaları Dünya Hokkey Liqasının növbəti-III raunduna birbaşa vəsiqə qazanmışdılar. Beynəlxalq Hokkey Liqası turnirinin reqlamentinə görə, növbəti yay Olimpiya oyunlarında iştirak hüququ qazanmaq uğrunda mübarizəni davam etdirmək üçün mart ayında Hindistanın Dehli və İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən anoloji yarışların yekununda, finalçılardan əlavə, III yeri tutanlar arasında ən yüksək reytinqə malik bir komanda da növbəti mərhələyə çıxmaq hüququ qazanmaq imkanına malik idi. Mart ayının sonlarında həmin komandalar da müəyyənləşib. İrlandiyada Çili (20-ci yer), Hindistanda isə Malaziya (21-ci yer) milliləri III nəticə göstəriblər. Bu nəticələr dünya reytinq siyahısında 19-cu yeri tutan Azərbaycan hokkeyçilərinə 2016-cı ildə keçiriləcək növbəti yay Olimpiya oyunlarına vəsiqə qazanmaq üçün yolunu davam etdirmək imkanı verib. Beləliklə, Dünya Hokkey Liqası turnirinin III mərhələsində mübarizə aparacaq 20 komanda, hərəsində 10 iştirakçı olmaqla, 2 şəhərdə qüvvələrini sınayacaq. Həmin yarışın hər birində ilk 3 yeri tutanlar Olimpiya oyunlarına birbaşa vəsiqə qazanacaqlar. Maraqlıdır ki, qitə çempionatlarının qalibləri ilk üçlükdə yer alsalar o zaman 4-cü və ya 5-ci yeri tutanlar da olimpiya lisenziyasına sahib ola bilərlər. Bu il iyunun 20-dən iyulun 4-dək Belçikanın Antverpen şəhərində təşkil olunacaq Dünya Hokkey Liqası turnirinin III mərhələsində mübarizə aparacaq millimizin rəqibləri Avstraliya, Belçika, Hindistan, Yaponiya, İtaliya, Niderland, Koreya, Yeni Zelandiya və Polşa hokkeyçiləri olacaq. Qeyd edək ki, 10 iştirakçıdan biri - artıq başa çatan Asiya çempionatının qalibi Koreya yığması Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına vəsiqəni özünə təmin edib. Dünya Hokkey Liqası turnirinin III mərhələsində yarışmaq hüququ qazanan digər 10 komanda- Argentina, ÇXR, İspaniya, Kanada, Uruqvay, ABŞ, Almaniya, B.Britaniya, CAR və İrlandiya isə olimpiya vəsiqəsi uğrunda iyunun 10-dan 21-dək İspaniyanın Valensiya şəhərində yarışacaq. Onu da qeyd edək ki, Dünya Hokkey Liqası Turnirinin II raundunda keçmiş Sovetlər Birliyi Respublikalarından 6 komanda mübarizə aparsa da, onlardan yalnız biri - Azərbaycan millisi mübarizəni davam etdirmək hüququ qazana bilib.