Mərhum alpinistin kitabı işıq üzü görüb

Mərhum alpinistin kitabı işıq üzü görüb

Ötən il ABŞ-da faciəvi şəkildə həlak olan azərbaycanlı alpinist Murad Aşurlının "Öz Everestini tapmaq” adlı kitabının təqdimatı keçirilib. Təqdimat mərasimi Murad Aşurlunun çalışdığı "Ericsson” şirkətinin Dallas şəhərindəki ofisində keçirilib. Tədbirdə həmçinin mərhum alpinistin qardaşı, Azərbaycan Alpinizm Federasiyasının prezidenti İsrafil Aşurlu da iştirak edib. İsrafil Aşurlu qardaşı ilə bağlı xatirələrini bölüşərək deyib: "Murad mənə kitab yazmaq fikrində olduğunu bildirəndə, mən bunu ciddi qəbul etmədim. Çünki, Murad indiyədək nə hekayə, nə də oçerk yazmamışdı. Söhbət isə bir kitabdan gedirdi. Lakin, ezamiyyətlər, layihələr və başqa işlərininin çox olmasına baxmayaraq, Murad bir ildən də az müddətə istədiyinə nail ola bildi. Murad son ekspedisiyasına yola düşməzdən əvvəl o, əlyazmasına son nöqtə qoydu. Katmanduda olarkən o, kitabı üçün bəzi şəkilləri mənimlə telefon vasitəsilə müzakirə edərək razılaşdırırdı. Lakin bu hələ bir surət, gələcək kitabın qaralaması idi... Bu gün həmin kitab mənim əlimdədir”.
İsrafil Aşurlunun bildirdiyinə görə kitabın işıq üzü görməsinin səbəbkarı Muradın dostları, həmkarları və "Ericsson” şirkətinin rəhbərliyidir. Onlar Muradın son arzusunu yerinə yetirmək istəyiblər və buna nail olublar. Kitabın tirajı məhduddur - iki min nüsxə. İngilis dilində dərc edilmiş kitabı internet vasitəsilə sifariş etmək mümkündür. Xatırladaq ki, Murad Aşurlı dünyanın ən yüksək nöqtəsi olan Everestə (8848 m) qalxan ikinci azərbaycanlı idi. O, 2013-cü ildə bu zirvəni fəth edib. 2014-cü il oktyabrın 21-də Murad Himalay dağlarının Ama-Dablam (6814 m) zirvəsindən enən zaman faciəvi şəkildə həlak olub.