“Yüksək nailiyyətlər qazanmaqla Azərbaycan güləşinə öz töhfəmizi verəcəyik”

“Yüksək nailiyyətlər qazanmaqla Azərbaycan güləşinə öz töhfəmizi verəcəyik”


Ölkə idmanının inkişafında respublikamızda fəaliyyət göstərən Olimpiya idman komplekslərinin, klubların və idman cəmiyyətlərinin mühim rolu var. Azərbaycanda yüksək səviyyədə inkişaf etmiş idman növlərindən biri də güləşdir. Bu növ üzrə ən mötəbər yarışlarda idmançılarımız yüksək nailiyyətlər qazanıblar. Qazanılan bu uğurlarda ölkəmizdə fəaliyyət göstərən klublar mühüm rol oynayırlar. Güləş üzrə tanınmış idman ocaqlarından biri də Xosrov Cəfərov adına klubdur.
2013-cü ilin fevral ayından fəaliyyət göstərən klubun yetirmələri indiyədək bir sıra turnirlərin qalib və mükafatçısı adını qazanıblar. Yeniyetmə idmançılar "Legion” idman zalında məşqçi-müəllimlər Ricad Məmmədov, Əziz Əsgərov və Əfqan Əzimovun rəhbərliyi altında yunan-Roma güləşinin sirlərinə yiyələnirlər. Klubun fəaliyyəti barədə ətraflı məlumat almaq üçün məşqçi Ricad Məmmədovla görüşdük. Ricad müəllim qeyd etdi ki, klubun fəaliyyətində əsas məqsəd uşaq və yeniyetmələrin fiziki hazırlığının yüksəldilməsinə nail olmaq və güləş idman növünün inkişafına töhfə verməkdir. "Xosrov Cəfərov adına güləş idman klubu fəaliyyətə başlayarkən "Legion” idman zalını yaratdıq. Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov və vitse-prezident Fərid Mansurovun köməkliyi ilə bizə məşq etmək üçün güləş döşəkləri verildi. Həmin vaxt məşqlərə cəmi iki uşaqla başlamışdıq. Hazırda klubumuzda idmançıların sayı artıb. Burada idmançılar yunan-Roma güləşinin incəliklərinə yiyələnirlər. Məşqçilərimiz güləşçilərin püxtələşməsi üçün əllərindən gələni əsirgəmirlər. Kluba əsasən 7-14 yaşlı uşaqlar cəlb olunub. Məqsədimiz uşaq və yeniyetmələrin fiziki və mənəvi hazırlığının yüksəldilməsi, sağlam həyat tərzinin, eləcə də güləşin təbliğinə nail olmaqdır. İdmançıların hər birinə böyük ümid bəsləyirəm. Güləşçilərimiz arasında kifayət qədər istedadlı uşaqlar var. İnanıram ki, yeniyetmə pəhləvanlar gələcəkdə də özlərini yaxşı tərəfdən göstərəcəklər. İstərdik ki, gələcəkdə zalımızdan dünya, Avropa və Olimpiya çempionları yetişsin”, - deyə Ricad müəllim bildirdi.
Klubun yeniyetmə yunan-Roma güləşçiləri iştirak etdikləri yarışlarda ciddi rəqibə çevriliblər. İdmançılar ölkədaxili yarışlarda mükafatalayiq yerlər tutublar. Bunu qazanılan nəticələr bir daha sübut edir. Belə ki, klubun yetirmələri noyabr ayında SSRİ-nin və Azərbaycanın əməkdar məşqçisi, yunan-Roma güləşi üzrə idman ustası Ağakişi İskəndərovun xatirəsinə həsr olunmuş turnirdə qüvvəsini sınayıblar. 2001-2004-cü illər təvəllüdlü idmançılar arasında keçirilən yunan-Roma güləşi üzrə 1 saylı RİOEUGİM-in açıq birinciliyində də onların çıxışı uğurlu olub. İdman ocağının təmsilçiləri arasında ən yaxşı nəticəni Sərxan Məmmədov göstərib. O, 29 kq çəki dərəcəsində bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Teymur Rəhimli (54 kq), Süleyman Salmanov (73 kq) ikinci, Rafael Qurbanov (29 kq) və Adil Abbasov (50 kq) isə üçüncü yerə sahib çıxıb. Elə həmin ay Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələrin Bakı birinciliyində klubun üzvü Süleyman Salmanov (73 kq) turnirin qalibi adını qazanıb. O, dekabr ayında Balakəndə keçirilən yeniyetmələr arasında VII respublika oyunlarında da fərqlənməyi bacarıb. İdmançı, 73 kq çəki dərəcəsində birinci yerə layiq görülüb.
Yanvar ayında Xosrov Cəfərov adına güləş klubunun güləşçiləri 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş "Neftçi idman klubu” İB-in birinciliyində iştirak ediblər. Klubun üzvləri yunan-Roma yarışlarında mükafatçılar sırasında yer alıblar. İdman ocağının yetirmələri Məhəmməd Qurbanov (26 kq), Rəvan Həsənli (32 kq), Teymur Rəhimli (56 kq) və Emin Ağayev (59 kq) birinci yerə layiq görülüblər. Klubun digər təmsilçilərindən Adil Abbasov (54 kq) ikinci, Rafael Qurbanov (29 kq), Səbuhi Əyyubov (52 kq) və Süleyman Salmanov (70 kq) isə üçüncü yeri tutublar.
Qazanılan nəticələri yüksək qiymətləndirən Ricad müəllim yetirmələrinin gələcəkdə tanınmış, titullu idmançı olacaqlarına ümid etdiyini bildirdi: "Əldə olunan nailiyyətlər bizi yeni qələbələr qazanmağa sövq edir. Qazanılan uğurlar bizi çox sevindirir. İnanırıq ki, gələcəkdə yüksək nailiyyətlərimizlə Azərbaycan güləşinə öz töhfəmizi verəcəyik. Bizə göstərdiyi hərtərəfli dəstəyə görə 1 saylı Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin direktoru Orxan Ələkbərova və tədris hissə müdiri Əli Musazadəyə minnətdaram. Onlar idmançılarımızın uğurlarına bigənə qalmadılar. Ölkə idmanı tarixinə adını qızıl hərflərlə yazdıran Fərid Mansurov və Rövşən Bayramova da təşəkkürümü bildirirəm. Onlar dəfələrlə zalımıza gələrək idmançılarla görüşüb, öz tövsiyələrini veriblər. Təcrübəli güləşçilərin verdiyi məsləhətlər yeniyetmə pəhləvanları daha da həvəsləndirir. Zalımızda neçə uşaq özünü bu güləşçilərə bənzədir, onlar kimi Azərbaycanın idman tarixində yeni səhifə açmaq istəyir. Bu da bizi sevindirməyə bilməz. Təbii ki, bu cür idmançıları məşq zalında görən hər bir yeniyetmə güləşçi daha da həvəslənir. Onlar da istəyirlər ki, gələcəkdə tanınmış, titullu idmançı olsunlar. İdmanın bir sıra xeyirli cəhətləri var. İdmanla məşğul olan yetirmələrimiz pis vərdişlərdən uzaq olurlar. Biz uşaqları həm mənəvi, həm də fiziki cəhətdən hazırlayırıq. Ani bir səhlənkarlıq onların zədə alması ilə nəticələnə bilər. Bunun üçün də onların hazırlıq və məşq prosesinə diqqətlə yanaşırıq. Hazırda dərs vaxtı olduğuna görə məşqlərimiz günorta saatlarında keçirilir. İstəmirik ki, onlar öz dərslərindən yayınsınlar. Məşq prosesi zamanı uşaqların dərs gündəliklərini də yoxlayırıq. Gələcəkdə məşq saatlarını artıracağıq. Bundan əlavə, yay aylarında uşaqları regionlara təlim-məşq toplanışına aparacağıq. Qarşıdakı aylarda idmançılarımız yeniyetmələr arasında keçirilən Azərbaycan və Bakı birinciliklərində qüvvələrini sınayacaqlar. İnanıram ki, yetirmələrimiz bu yarışlarda da qələbə qazanaraq bizi sevindirəcəklər”, - deyə Ricad müəllim qeyd etdi.
Türkay Niftəliyeva