"Neftçi İdman Klubu»nun idman xronikası

"Neftçi İdman Klubu»nun idman xronikası

Sambo:

Rusiyanın paytaxtı Moskvada Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə dünya kubokunun mərhələ yarışına yekun vurulub. Martın 27-dən 29-dək davam edən yarışda 35 ölkənin samboçuları 27 dəst medal uğrunda mübarizə aparıblar.
Turnirdə «Neftçi İdman Klubu»nun yetirməsi Emil Həsənov (68 kq) finala qədər əzmlə irəliləyib. Ancaq həlledici mərhələdə məğlub olan idmançımız dünya kuboku yarışının gümüş medalını qazanıb.

Güləş:

Polşanın Valbrzix şəhərində güləş üzrə 19-23 yaşlı idmançılar arasında U-23 Avropa çempionatı keçirilib. Klubumuzun milli komandanın tərkibində yer almış pəhləvanlarından üçü mükafatçılar sırasına düşməyə müvəffəq olub. Yunan-Roma güləşçiləri Eldəniz Əzizli (59 kq) və İslam Abbasov (85 kq) qitə çempionatının bürünc medalına yiyələniblər. Xanım idmançılarımızdan isə Solmaz Həşimzadə (53 kq) eyni uğura imza atıb.

İstanbulda Türkiyənin tanınmış sərbəst güləşçisi Yaşar Doğunun xatirəsinə həsr olunmuş sayca 43-cü beynəlxalq turnirdə də «Neftçi İdman Klubu»nun yetirmələri təmsil olunublar. İdmançılarımızdan Ruslan Qasımov (57 kq) və Ağahüseyn Mustafayev (65 kq) turnirin bürünc medallarına layiq görülüblər.

Cüdo:

İtaliyanın Linyano şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku yarışları başa çatıb. 25 ölkədən 416 cüdoçunun iştirak etdiyi turnir gərgin idman mübarizəsi şəraitində keçib. 60 kq çəki dərəcəsində keçirilən yarışlarda təmsilçilərimiz Davud Məmmədov və Rüfət Tağızadə qarşılaşması birincinin qələbəsi ilə başa çatıb. Digər cüdoçularımız Natiq Qurbanlı (55 kq) və Hidayət Heydərov (66 kq) isə bürünc medala sahib olublar.
Türkiyənin Samsun şəhərində isə cüdo üzrə beynəlxalq «Qran-pri» turnirinə yekun vurulub. Üç gün davam edən yarışda klubumuzun tatami ustaları yüksək nailiyyətlər əldə ediblər. Belə ki, cüdoçularımız turnirin 2 qızıl və 1 gümüş medalını qazanıblar. Rüstəm Orucov (73 kq) Çin, İsveç, Hollandiya və Birləşmiş Ərəb Əmirliklərindən olan rəqiblərini məğlub edərək finala yüksəlib. Həlledici mərhələdə yerli idmançıya qalib gələn təmsilçimiz qızıl medala yiyələnib. Elmar Qasımov (100 kq) da bütün rəqiblərini məğlubiyyətə uğradaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Digər cüdoçumuz Orxan Səfərov (60 kq) isə yalnız final görüşündən məğlub ayrılıb və gümüş medala layiq görülüb. Xatırladaq ki, Rüstəm Orucov və Elmar Qasımov bu yarışdan bir həftə əvvəl Tbilisidə təşkil olunan «Qran-pri» turnirində də qızıl medala sahib olmuşdular.

Velosiped idmanı:

Dağ Velosipedi Parkında idmanın bu növü üzrə açıq federasiya kuboku keçirilib. Bakı-2015 ilk Avropa Oyunlarının dağ velosipedi idmanı üzrə yarışlarını qəbul edəcək məkanda təşkil olunan mövsümün açılış turnirində peşəkar idmançılarla yanaşı, həvəskarlar da mübarizə aparıblar. Müxtəlif yaş qruplarına aid 30-dan artıq velosipedçinin iştirak etdiyi yarışda iştirakçılar uzunluğu 4,5 km olan marşrut boyunca 3 dövrə vurublar.
Kifayət qədər mürəkkəb, enişli-yoxuşlu və sərt döngələri ilə yaddaqalan mübarizənin yekununda yeniyetmə və gənclər arasında «Neftçi İdman Klubu»nun təmsilçiləri Musa Mikayılzadə və Vüqar Nəsibov müvafiq olaraq 1-ci və 2-ci yerləri tutublar.

Pauerliftinq:

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində paralimpiyaçılar arasında pauerliftinq üzrə dünya kuboku sona çatıb. Yarışda 30 ölkədən 150 ağırlıqqaldıran mübarizəyə qoşulub. «Neftçi İdman Klubu»nun kubok yarışında qüvvəsini sınamış paralimpiyaçılarından Elşən Hüseynov (107 kq) 235 kq ağırlığın layiqincə gəlib və qızıl medala sahib çıxıb. Gündüz İsmayılov (88 kq) isə 195 kq nəticə göstərərək 3-cü yeri tutub.

Atletika:

Tunisdə təşkil olunan paralimpiyaçı idmançıların atletika üzrə «Qran-pri» turnirində də klubumuzun təmsilçiləri öz bacarıqlarını nümayiş etdiriblər. Böyük əzmkarlıq nümayiş etdirən atletlərimizdən İradə Əliyeva nizəatma yarışlarında turnirin qalibi olub. Digər idmançımız Mehman Ramazanzadə isə diskatma növündə gümüş medal qazanıb.

Üzgüçülük:

Şotlandiyanın Qlazqo şəhərində paralimpiyaçılar arasında üzgüçülük üzrə beynəlxalq turnir keçirilib. Yarışda «Neftçi İdman Klubu»nun yetirməsi Dmitriy Saley 100 metr məsafəyə sərbəst üsulla üzmə yarışında finişə ikinci çatıb və gümüş medala layiq görülüb.

«Neftçi İdman Klubu» İctimai Birliyinin
mətbuat xidməti