«Neftçi» İSM-in yetirməsi Ukraynadan qələbə ilə qayıtdı

«Neftçi» İSM-in yetirməsi Ukraynadan qələbə ilə qayıtdı
Güləş
«Neftçi» İSM-dən verilən məlumata görə, Gürcüstanın paytaxtı Tbilisidə sərbəst güləş, qadın güləşi və yunan-Roma güləşi üzrə Avropa çempionatına yekun vurulub. Pəhləvanlarımız yarışda ümumilikdə, 1 gümüş və 6 bürünc medal qazanıblar. «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin təmsilçiləri 2 bürünc medala sahib olublar. Bu uğura yunan-Roma güləşçisi Həsən Əliyev (66 kq) və sərbəst güləşçimiz Yaşar Əliyev (55 kq) imza atıblar.

Cüdo
Ukraynanın Kiyev şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku keçirilib. 23 ölkədən 569 idmançının qatıldığı kubok yarışında Azərbaycan cüdoçuları da mübarizə aparıblar.
«Neftçi» İSM-in yığma komandamızın tərkibində yer almış yeniyetmələrindən İlkin Babazadə (55 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yalnız final mərhələsində məğlubiyyət acısı yaşayan Rauf Xəlilov (60 kq) isə gümüş medala layiq görülüb.

Ağırlıqqaldırma
Sumqayıt Olimpiya Kompleksində gənclər arasında ağırlıqqaldırma üzrə respublika birinciliyi sona çatıb. Turnirdə 25 komandanın 75 atleti qüvvəsini sınayıb. «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin iki ağırlıqqaldıranı ölkə birinciliyində mükafatalayiq yer tutub. Onlardan +105 kq çəki dərəcəsində çıxış edən Asxab Kalayev birdənqaldırmada 85, təkanla qaldırmada isə 100 kq ağırlığı başı üzərinə qaldırıb. Ümumilikdə 185 kq nəticə göstərən idmançımız 2-ci yeri tutub. Digər atletimiz Ağa İslamov (56 kq) isə 140 kq (65+75) nəticə ilə 3-cü sırada qərarlaşıb.

Badminton
Bakı Slavyan Universitetinin idman zalında 1997-1998-ci illər təvəllüdlü idmançılar arasında badminton üzrə Bakı şəhər birinciliyi keçirilib. Paytaxt yarışında «Neftçi» İSM-in badmintonçusu Aliyə Hüseynova şəxsi, qoşa və qarışıq-qoşa yarışlarının hər birində qalib adını qazanıb.

ARDNŞ Sİİ
«Neftçi» İSM-in mətbuat xidməti