Dünya kubokunda iştirak edəcək sərbəst güləş yığmasının heyəti açıqlanıb

Dünya kubokunda iştirak edəcək sərbəst güləş yığmasının heyəti açıqlanıb



Aprelin 11-12-də ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə dünya kuboku yarışları keçiriləcək.
Olimpnews.az xəbər verir ki, bununla bağlı aprelin 2-də Olimpiya Güləş Mərkəzində sərbəst güləş üzrə Azərbaycan millisinin açıq məşqi zamanı dünya kuboku yarışlarında iştirak edəcək heyət açıqlanıb.
Beləliklə, ABŞ-da keçirilən beynəlxalq yarışda ölkəmizi Yaşar Əliyev, Cəlal Süleymanov (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov, Maqomed Muslimov (65 kq), Ruslan Dibirhaciyev (70 kq), Murad Süleymanov, Cəbrayıl Həsənov (hər ikisi 74 kq), Aleksandr Qostiyev (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Maqomedov (125 kq) təmsil edəcəklər.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında mübarizə aparacaq milli komandamız "B” qrupunda İran, Belarus və Türkiyə yığması ilə qarşılaşacaq.

Jurnalistlərə müsahibə verən Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti Namiq Əliyev millimizin dünya kuboku yarışlarında güclü heyətlə çıxış edəcəyini bildirdi. Dünya kubokundan sonra yığmamızı daha ciddi sınaqların gözlədiyini diqqətə çatdıran N.Əliyev iki aydan sonra ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi edəcəyini dedi: "Bakı-2015-dən iki ay sonra isə Las-Veqasda Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli dünya çempionatı təşkil olunacaq. Məqsədimiz hər üç yarışda uğurla çıxış edib, mükafatçılar sırasında yer almaqdır. Dünya kuboku yarışlarında milli komandamız favoritlərdən hesab edilir. Qrupda əsas rəqib İran millisidir. Ümid edirəm ki, güləşçilərimiz uğurla çıxış edib qrup birincisi olacaqlar.