Güləşçilərimiz İstanbulda iki medal qazanıblar

Güləşçilərimiz İstanbulda iki medal qazanıblar



İstanbulda yunan-Roma güləşi üzrə Vehbi Emrenin xatirəsinə həsr olunan turnirdə Azərbaycan yığması iki medal (1 qızıl və 1 bürünc) qazanıb.
21 ölkədən 250 güləşçinin iştirak etdiyi yarışda 59 kq çəki dərəcəsində mübarizə aparan yığmamızın üzvü Elman Muxtarov bütün rəqiblərini qabaqlayaraq turnirin qızıl medalını qazanıb. Qazaxıstandan Daulet Absalimov, komanda yoldaşları Orxan Əhmədov və Taleh Məmmədov, yarımfinalda belaruslu Soslan Daurov üzərində qələbə qazanan E.Muxtarov finalda Qırğızıstan təmsilçisi Arsen Yeraliyevi məğlub edib.
Taleh Məmmədov isə bürünc medala sahib olub. Bürünc medal uğrunda görüşdə Soslan Daurovu məğlub edən güləşçimiz fəxri kürsünün üçüncü pilləsində yer alıb.
Xatırladaq ki, turnirdə 9 pəhləvanımız qüvvəsini sınayıb. Görüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.