Gimnastımız növbəti qələbəsini qazanıb

Gimnastımız növbəti qələbəsini qazanıb


Azərbaycan gimnastı Rumıniyada başa çatan bədii gimnastika üzrə Dünya kubokunun növbəti mərhələsində bürünc medal qazanıb.
Dörd finalın hamısına vəsiqə alan Azərbaycan yığmasının lideri Marina Durunda lentlə hərəkətlərə görə bürünc medala sahib olub. Azərbaycan gimnastı top və halqa ilə hərəkətlərə görə dördüncü yeri tutub, dörd çıxışın yekununa görə isə beşinci yerdə qərarlaşıb. Gürz və lentlə hərəkətlərdə finala çıxan Gülsüm Şəfizadə isə mükafata layiq yerlərin bir addımlığında dayanıb.
Rumıniya paytaxtında Dünya kuboku yarışının növbəti mərhələsinə paralel olaraq beynəlxalq turnir keçirilib. Bu turnirdə Azərbaycan gimnastları Ayşən Bayramova və Jalə Piriyeva fərqləniblər.
Çoxnövçülükdə üçüncü yeri tutan, halqa və gürzlə hərəkətlərə görə iki gümüş medal qazanan senyorka Ayşən Bayramova yüksək nəticə göstərib. Jalə Piriyeva yuniorkalar arasında dörd hərəkətin yekunlarına görə ikinci olub, habelə halqa ilə finalda ən yaxşı nəticə göstərib. Bundan əlavə, onun hesabında iki gümüş (top, ip) və bir bürünc (gürz) medal var.