Güləşçilərimiz “AGF Kuboku” beynəlxalq turnirinə hazırlıqlarını davam etdirirlər

Güləşçilərimiz “AGF Kuboku” beynəlxalq turnirinə hazırlıqlarını davam etdirirlər

Aprelin 18-21-də Sərhədçi İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda beynəlxalq turnir keçiriləcək. Olimpnews.az saytı xəbər verir ki, turnirdə Azərbaycan yığma komandaları ilə yanaşı, Almaniya, Rusiya, Ukrayna, Qazaxstan, Tacikistan, Gürcüstan, Özbəkistan və Belarus güləşçilərinin iştirakı gözlənilir.
Turnirə hazırlıq məqsədilə, sərbəst və yunan-Roma güləşi üzrə həm yeniyetmələrdən, həm də gənclərdən ibarət yığma komandalarımız təlim-məşq toplanışlarına başlayıb.
Yeniyetmə sərbəst güləş yığması böyük məşqçisi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədov və Rövşən Hacıyevin rəhbərliyi altında aprelin 5-18-də ümumi fiziki hazırlıq üzrə təlim-məşq toplanışında olacaq.
Yeniyetmə yunan-Roma güləşçilərimiz isə təlim-məşq toplanışını aprelin 1-dən 18-ə qədər böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Vüqar Aslanov və Rasim Ağayevin rəhbərliyi altında keçriləcək.
Böyük məşqçi Arif Abdullayev və məşqçi Nazim Əlicanovun rəhbərlik etdiyi sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın heyəti aprelin 3-dən 21-ə kimi təlim-məşq toplanışında olacaq.
Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığma komanda böyük məşqçi Şaban Donat, məşqçilər Akif Əliyev və Fuad Alıyevin rəhbərliyi altında aprelin 3-dən 18-ə qədər təlim-məşq toplanışına qatılacaq.