“OlimpSport” jurnalının növbəti sayı işıq üzü görüb

“OlimpSport” jurnalının növbəti sayı işıq üzü görüb


"OlimpSport” jurnalı artıq 6 ildir ki, öz oxucularının görüşünə gəlir. Jurnal ölkənin idman və Olimpiya Hərəkatında baş verən ən mühüm hadisələri, tədbirləri öz səhifələrində daim işıqlandırır. 1500 tirajla nəşr olunan "OlimpSport” nəşri budəfəki mart-aprel nömrəsində də idman ictimaiyyətinin marağına səbəb olacaq müəyyən məqamları oxucuların diqqətinə çatdırıb. Nəşrdə ölkə başçısının Avropa Oyunlarına hazırlıqla bağlı bir sıra idman obyektlərinin açılışında iştirakı, İV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakıda keçirilməsinə həsr olunmuş imzalanma mərasimi, ölkənin idman rəsmilərinin və nümayəndələrinin bu ilin iyun ayında ilk dəfə Bakıda keçiriləcək Avropa Oyunları haqqında fikirləri, yunan-Roma yığmasının tarixi qələbəsi və s. barədə maraqlı materiallar yer alıb.
"OlimpSport” jurnalının ilk səhifələrində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Olimpiya Stadionunun və Bakı Atıcılıq Mərkəzinin açılışında iştirakı ilə bağlı yazı dərc olunub. Oxucular idman rəsmilərinin Avropa Oyunları ilə bağlı maraqlı fikirləri ilə jurnalın 6-8-ci səhifələrində tanış ola bilərlər. Qardaş Türkiyənin idman nümayəndələrinin Bakı-2015 Oyunlarının təşkilində ölkəmizə dilək və arzuları diqqət çəkir. Bu ilin fevralında İranın Tehran şəhərində keçirilən Dünya kubokunun qalibləri haqda "Dünya kuboku Azərbaycanda” məqaləsi də idmansevərlərin ürəyincə olacaq. Dünya və Avropa çempionu Hacı Əliyevlə maraqlı müsahibə ilə "Futbolu seçməli olsaydım, indi yığma komandanın üzvü idim” yazısında tanış ola bilərsiniz. Sonra məşqçi-müəllimlər Tural Əliyev və Raci Cavadzadə, pankrationçu Ceyhun Söhbətov haqqında yazıları da jurnalımızın bu nömrəsində yer alıb. Sonda "OlimpSport” jurnalının baş redaktoru Ramin Allahverdinin hesabat xarakterli yazısı öz əksini tapıb.