«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası

Güləş

ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə Dünya kuboku yarışları keçirilib. Yarışda Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Türkiyə, Kuba, Monqolustan, İran və Belarus güləşçiləri də mübarizə aparıblar. Püşkatmanın nəticələrinə əsasən, ölkəmizin idmançıları İran, Belarus və Türkiyə komandaları ilə «B» qrupunda qüvvələrini sınayıblar. «A» qrupunda isə Rusiya, Kuba, ABŞ və Monqolustan komandaları yer alıb.
Güləşçilərimiz əvvəlcə Türkiyə komandasını 7:1, ardınca isə Belarusu 6:2 hesablı məğlubiyyətə uğradıblar. Qrupun son görüşündə güləşçilərimiz İran yığmasına uduzub və qrupu 2-ci yerdə başa vurub. Sonra komandamız digər qrupun ikincisi Rusiya millisi ilə 3-cü yer uğrunda həlledici görüşə çıxıb. Yekunda 4:4 hesablı bərabərlik qeydə alınsa da, xal hesabına görə Rusiyadan üstün olan yığmamız Dünya kubokunu 3-cü sırada tamamlayıb və bürünc medala sahib olub.
Qeyd edək ki, yığmamızın heyətində yer alan «Neftçi İdman Klubu»nun yetirmələri Yaşar Əliyev (57 kq), Hacı Əliyev (61 kq), Toğrul Əsgərov (65 kq) və Murad Süleymanov (74 kq) və komandanın uğur qazanmasında əvəzsiz rol oynayıb.
*  *  *
Dünya Güləş Birliyi 2015-ci ilin martında keçirilən yarışların nəticəsinə əsasən, yunan-Roma güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb.
«Neftçi İdman Klubu»nun təmsilçilərindən Rəsul Çunayev (71 kq) ötən ay olduğu kimi, bu dəfə də birinciliyini qoruyub. Həsən Əliyev (66 kq) və Elvin Mürsəliyevin (75 kq) də mövqeyində dəyişiklik baş verməyib.
Onlar yenə də 5-ci sırada qərarlaşıblar. Digər güləşçimiz İslam Abbasov (85 kq) isə 2 pillə irəliləyərək 6-cı sıraya yüksəlib.

Taekvondo
Ukraynanın Xarkov şəhərində taekvondo üzrə «Ukraine Open Cap» turniri keçirilib. Yarışda Avropanın 20 ölkəsi, eləcə də ABŞ, Braziliya, Porto-Riko, Bəhreyn və Əlcəzairdən olan taekvondoçular qüvvələrini sınayıblar.
Klubumuzun millinin heyətində yer almış idmançılarından Ayxan Tağızadə (68 kq) yalnız final qarşılaşmasında məğlub olub və gümüş medala layiq görülüb. Klubumuzun üzvü, zərif cinsin nümayəndələri arasından yarışan Günay Ağakişiyeva isə (57 kq) turniri bürünc medalla başa vurub.
Qeyd edək ki, yarış «G1» kateqoriyalı olduğuna görə, qalib idmançı aktivinə 10 xal artırmış olub. Əldə edilmiş xallar Olimpiya çəkilərində çıxış edən idmançıların 2016-cı ildə Braziliyada keçiriləcək olimpiadaya vəsiqə qazanmaq şansını artıracaq.

Voleybol
«Azəryolservis»in idman zalında kişilər arasında keçirilən voleybol üzrə Azərbaycan çempionatına yekun vurulub. Sonuncu, III turun oyunları çərçivəsində «Neftçi İdman Klubu» «Binəqədi»ni 3:2, «Ali Hərbi Akademiya» və «Nəqliyyatçı» komandalarının hər birini isə 3:0 hesabı ilə məğlub edib. Rəqiblərindən aşkar üstünlükləri ilə seçilən voleybolçularımız son turu da qalib kimi başa vurublar və 2014-2015 mövsümünün çempionu adını qazanıblar.
Xatırladaq ki, «Neftçi İdman Klubu»nun komandası bununla artıq 7-ci dəfədir ki, ardıcıl olaraq Azərbaycan çempionatının qalibi olur.

Futbol
Aprelin 10-da Birinci Divizionda 23-cü turun oyunları keçirilib. Bu turda «Qaradağ Lökbatan» komandası «Turan Tovuz»u qəbul edib. Lökbatan qəsəbəsində yerləşən Qaradağ Təlim-İdman Bazasının stadionunda baş tutan qarşılaşma komandamızın üstünlüyü şəraitində keçib. Oyuna hücumlarla başlayan «Qaradağ Lökbatan» artıq 14-cü dəqiqədə İlham Allahverdiyevin vurduğu qolla hesabda üstünlüyü ələ alıb. 32-ci dəqiqədə Sabir Allahquliyev hesab arasındakı fərqi ikiyə çatdırıb. Komandalar fasiləyə elə bu hesabla yollanıblar. İkinci hissədə də əzmkarlıq göstərərn futbolçularımız 48-ci dəqiqədə yenidən fərqləniblər. Sabir Allahquliyev növbəti dəfə adını tabloya yazdırıb. Futbolçumuz özünün 2-ci, komandasının isə 3-cü qolunu vurub. Bundan cəmi bir dəqiqə sonra rəqib komandanın futbolçusu Ramil Mansurov fərqlənib. Beləliklə, matç «Qaradağ Lökbatan»ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Yeri gəlmişkən, ötən turda da komandamız «Bakılı»nı eyni hesabla məğlub etmişdi.
Hazırda «Qaradağ Lökbatan» komandası 50 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komandanın hücumçusu İlham Allahverdiyev isə 20 qolla bombardirlər siyahısına başçılıq edir.

Karate
Hövsan Olimpiya İdman Kompleksində karatenin WKÇ növləri üzrə keçirilən respublika birinciliyinə yekun vurulub. 300-dən artıq idmançının iştirak etdiyi yarışda «Neftçi İdman Klubu»nun karateçiləri də bacarıqlarını nümayiş etdiriblər. Klubun yetirmələrindən Elxan Musazadə (14-15 yaş) bütün qarşılaşmaları qələbə ilə başa vuraraq ölkə çempionluğu olub. Şahin İmanov (12-13 yaş) və Əziz Rahib (8-9 yaş) 2-ci, İsmət Qarayev (14-15 yaş) və Ağaməli İmaməliyev (9-10 yaş) isə 3-cü yeri tutublar.


«Neftçi İdman Klubu» İctimai Birliyinin
mətbuat xidməti