Azərbaycanın Olimpiya Oyunlarındakı uğurları İsrail üçün nümunə ola bilər

Azərbaycanın Olimpiya Oyunlarındakı uğurları İsrail üçün nümunə ola bilər
İsrail Olimpiya Komitəsinin baş katibi, Avropa Olimpiya Komitəsinin olimpiya oyunları komissiyasının rəhbəri Efraim Zinger Azərbaycanda səfərdədir.
Bu münasibətlə aprelin 4-də İsrail Dövlətinin ölkəmizdəki səfirliyində mətbuat konfransı keçirilmişdir.
İsrail Dövlətinin ölkəmizdəki səfiri Rafael Harpaz iki ölkə arasındakı əlaqələri yüksək qiymətləndirmiş, Azərbaycanda idmana göstərilən diqqət və qayğının əhəmiyyətini vurğulamışdır. Diplomat futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan-İsrail oyununun gərgin idman mübarizəsi şəraitində keçdiyini demişdir.


E.Zinger Azərbaycanın idman sahəsində qazanılan nailiyyətlərini yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, səfərinin məqsədi 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı vəziyyətlə tanış olmaqdır. Bu mötəbər yarışın Azərbaycanın paytaxtında keçirilməsinə yekdilliklə səs verdik. Belə etimad Azərbaycanda idmana dövlət qayğısının nəticəsidir.
Bildirmişdir ki, Bakıda idman infrastrukturu ilə bağlı gördüklərim mənim üçün sürpriz oldu. Azərbaycanın Olimpiya Oyunlarındakı uğurları İsrail üçün nümunə ola bilər. Belə ki, ölkəniz Olimpiadada 1992-ci ildən çıxış edir və bu müddətdə 26 medal qazanmışdır. İsrail isə 1952-ci ildən Olimpiadada təmsil olunsa da, 7 medala sahib olmuşdur.
E.Zinger vurğulamışdır ki, Azərbaycan Olimpiya Oyunlarında medalların çoxunu güləş idman növündə qazanmışdır. Beynəlxalq Olimpiya Komitəsi (BOK) idmanın bu növünün 2020-ci il Yay Olimpiya Oyunlarının proqramından çıxarılması ilə bağlı tövsiyə xarakterli qərarla çıxış etmişdi. Bu qərar İsrail Olimpiya Komitəsi tərəfindən də səhv addım kimi qiymətləndirilir. Bu istiqamətdə dünyanın bir çox ölkələri birgə əməkdaşlıq çərçivəsində müəyyən addımlar atmışlar.
Aprelin sonunda Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikke və Qiymətləndirmə komissiyasının üzvlərinin Azərbaycana səfər edəcəyini diqqətə çatdıran E.Zinger bu müddət ərzində birinci Avropa Oyunlarının keçirilmə tarixinin müəyyənləşəcəyini bildirmişdir. Qeyd etmişdir ki, birinci Avropa Oyunlarının proqramına 17 idman növü daxildir. Proqramın dəqiq siyahısı Azərbaycanın yerli idman qurumları, Avropa Olimpiya Komitəsi və Avropa idman federasiyalarının birgə məsləhətləşməsi nəticəsində müəyyənləşəcəkdir.
Qeyd etmişdir ki, birinci Avropa Oyunlarında iştirakla bağlı 49 ölkənin Milli Olimpiya Komitəsinə rəsmi məktub göndəriləcəkdir. Yarış 14 gün davam edəcək və iyunda keçirilməsi planlaşdırılır.