Bu günün “şahinlər”i sabahın əsgərləridir

Bu günün “şahinlər”i sabahın əsgərləridir

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması ücün məktəblərdə tədris olunan "Gənclərin çağırışaqədərki hərbi hazırlıq” fənni böyük əhəmiyyətə malikdir. Mənim də təhsil aldığım 70 nömrəli məktəb-liseydə (Nizami rayonu) bu fənni bizə ehtiyatda olan mayor Mayis Quliyev tədris edir.
Respublikamızda şagirdlərdə hərb sənətinə daha çox maraq oyatmaq məqsədilə, ümumtəhsil məktəbləri arasında "Cəsurlar” və "Şahinlər” hərbi-idman oyunları keçirilir. Bu il keçiriləcək hərbi -idman oyunlarında məktəbimizi 10 oğlan (Saleh Kərimov (komandir), Sənan Süleymanov, Ramil Məmmədzadə, Ceyhun Qaybaliyev, Arzuman Seyfullayev, Sübhan Xanğəliyev, Kərim Məmmədov, Vüqar Həsənzadə, Yusif Məmmədov) və 4 qız (Səbinə Muradova, Tərlan Məmmədova, Günel Məmmədova, Humay Qəribova) olmaqla 14 şagird təmsil edəcək. Komandamız Mayis müəllimin rəhbərliyi altında məktəbimizin idman zalında oyunlara ciddi hazırlaşır. Hər cür avadanlıqla təchiz olunmuş zalda uşaqlar həvəslə məşq edir, müəllimin və komandirin bütün tapşırıqlarını səylə yerinə yetirirlər. Növbəti məşqdən sonra Mayis müəllimlə söhbət zamanı məlum oldu ki, "Şahinlər” hərbi-idman oyunlarında 23 məktəb təmsil olunacaq. Oyunlar Daxili Qoşunların "N’’saylı hərbi hissəsində keçiriləcək. Şagirdlər təxminən on növ üzrə mübarizə aparacaqlar. Mayis müəllim qeyd etdi ki, məktəbimizi təmsil edən şagirdlərin əksəriyyəti idmançıdır. Onlar əvvəlki turnirlərdə yüksək nəticələr qazanıblar. Yeri gəlmişkən deyim ki, komandanın üzvü Sübhan Xanğəliyev Nizami rayonu üzrə keçirilən atıcılıq yarışlarında ikinci yeri tutub.
Müəllimlə söhbətdən sonra uşaqların da fikrini öyrəndim. Onlar bildirdilər ki, komandamız məktəbimizi layiqincə təmsil etmək üçün müəllimin rəhbərliyi ilə keçirilən məşqlərlə yanaşı, müstəqil şəkildə də oyunlara hazırlaşır. Məndə belə bir inam yarandı ki, müntəzəm və səmərəli məşqlər sayəsində komandamız qarşıdakı hərbi-idman oyunlarında layiqincə çıxış edəcək.