Güləş üzrə sınaq yarışlarında mübarizə davam edir

Güləş üzrə sınaq yarışlarında mübarizə davam edir


Heydər Əliyev Idman Arenasında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir.
Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edirlər.
Turnirin proqramına əsasən, yarışın ikinci günündə gənc yunan-Roma güləşçiləri birincilik uğrunda mübarizə aparırlar.
Gərgin idman mübarizəsi şəraitində keçən yeniyetmə güləşçilərin yarışında finalçıları bəlli olub. Turnirdə 50 kq çəki dərəcəsində yerli idmançılar - Azər Nəsibli və Nofəl Babayev finalda qarşı-qarşıya gələcəklər. Qızıl medal uğrunda güləşçimiz Kərim Cəfərov (60 kq) gürcüstanlı Levani Kavjaradze, Ukrayna təmsilçisi Maksim Tevtuşenko (66 kq) gürcüstanlı Ramazi Zoidze, Türkiyə güləşçisi Furkan Bayrak (74 kq) komanda yoldaşı Burhan Akbudak, İslam Abbasov (84 kq) türkiyəli Mehmet Can Bıçak, Orxan Nuriyev (96 kq) Macarıstan idmançısı Zsolt Torok, gürcüstanlı Zviadi Pataridze (120 kq) isə türkiyəli Osman Yıldırım ilə qarşılaşacaqlar.
Xatırladaq ki, turnirin ilk günündə yeniyetmə yunan-Roma güləşçilərimiz 20 (3 qızıl, 8 gümüş və 9 bürünc) medal qazanıblar.