Heydər Əliyev Idman Arenasında sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir.
Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya, Belarus və Türkiyə güləşçiləri iştirak edirlər.
Azərbaycan güləşçiləri ilk yarış günündə 20 - 3 qızıl, 8 gümüş və 9 bürünc medal qazanıblar. Komanda hesabında yığmamız birinci olub. İkinci yerdə İran, üçüncü yerdə isə Gürcüstan komandası qərarlaşıb.
Yarışın ikinci günündə gənclər arasında yunan-Roma güləşi üzrə 102 pəhləvan mübarizə aparıb. Gənc güləşçilərimiz yarış gününü 9 medalla -4 qızıl, 2 gümüş və 3 bürünc başa vurublar. Komanda hesabında Azərbaycan birinci, Türkiyə ikinci, Gürcüstan isə üçüncü yeri tutub.
Üçüncü gün 128 yeniyetmə sərbəst güləşçi mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda təmsilçilərimiz Fazil Həsənov (58 kq), Qurban Qurbanov (63 kq), İsmayıl Abdullayev (69 kq) və Əhliman Quliyev (76 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Beləliklə, komandamız 3-cü gün 15 medala - 4 qızıl, 3 gümüş və 8 bürünc sahib çıxıb.
Turnirin qalib və mükafatçıları Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.
Avropa Oyunlarına sınaq xarakteri daşıyan beynəlxalq turnirə aprelin 19-da yekun vurulacaq.