Aprelin 19-da Avropa Oyunlarına sınaq xarakteri daşıyan güləş üzrə beynəlxalq turnir başa çatıb.
Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda keçirilən ənənəvi beynəlxalq turnirdə Azərbaycan yığması birinci yeri tutub.
Turnirin sonuncu günündə güləşçilərimiz 9 medal qazanıblar. Bunlardan 5-i qızıl, 1-i gümüş və 3-ü isə bürünc olub. Ümumilikdə isə Azərbaycan güləşçiləri aprelin 16-dan 19-dək keçirilən yarışlarda 16 qızıl, 14 gümüş və 23 bürünc medal qazanıblar.
Birinci Avropa Oyunlarının güləş yarışlarına test xarakteri daşıyan turnirin sonuncu günündə gənclər arasında sərbəst güləş üzrə 148 idmançı mübarizə aparıb. Yarışda güləşçilərimiz Mahir Əmiraslanov (55 kq), Vurğun Əliyev (60 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq) və Səid Həmidov (120 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunublar.
Komanda hesabında Türkiyə ikinci, Rusiya yığması isə üçüncü yeri tutub.