Xəbər verdiyimiz kimi, İsveçrənin Sankt-Moris və Davos şəhərləri 2022-ci ildə keçiriləcək qış Olimpiya oyunlarına birgə ev sahibliyi etmək üçün "Sifariş kitabı”nı təqdim etməyə hazırlaşırlar. Amma deyəsən, İsveçrənin Qranbyunden əyalətində bu məsələ ilə bağlı keçirilən referendumun nəticələri bunu etməyə imkan verməyəcək. Qranbyunden əyalətində keçirilən referendumun nəticələrinə görə, seçicilərin 54 faizi olimpiadanın İsveçrədə keçirilməsinin əleyhinə səs verib. Yalnız Sankt-Moris və Davos şəhərlərinin sakinləri bu ideyanı dəstəkləyiblər.
Ölkənin idman mütəxəssisləri hesab edirlər ki, Olimpiada-2022-nin təşkili İsveçrəyə 1,5 milyard franka (1,6 milyard dollar) başa gələ bilər. Amma son illərin təcrübəsi göstərir ki, Olimpiya oyunlarının təşkili və keçirilməsi ölkəyə smeta layihəsində nəzərdə tutulduğundan baha başa gəlir. Layihənin tərəfdarı olan İsveçrənin idman naziri Olimpiya oyunlarının təşkilindən ölkənin böyük gəlir götürəcəyini deyib və bu tədbirin turizmin inkişafına böyük töhfə olacağını bildirib.
Xatırladaq ki, İsveçrənin Sankt-Moris şəhəri 1928 və 1948-ci illərdə qış Olimpiya oyunlarına ev sahibliyi edib. Beynəlxalq Olimpiya Komitəsi 2022-ci ildə keçiriləcək qış olimpiadasına ev sahibliyi edəcək namizədin adını 2015-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində təşkil ediləcək sessiyasında açıqlayacaq.