Yeniyetmə pəhləvanlar Koniyadan 12 medalla qayıdıblar

Yeniyetmə pəhləvanlar Koniyadan 12 medalla qayıdıblar



Aprelin 21-22-də Türkiyənin Konya şəhərində 5-ci Rumi Uşaq İdman Oyunları çərçivəsində güləş yarışları keçirilib. Yarışda Azərbaycanla yanaşı, Bolqarıstan, Qırğızıstan, İran, Makedoniya, Türkiyə və Konya şəhər yığma komandaları mübarizə aparıb.
Kiçik yaşlı yeniyetmələrin mübarizəsində ölkəmizi məşqçilər Elşad Abdullayev və Namiq Quliyevin rəhbərliyi altında 9 güləşçi təmsil edib. Həm sərbəst, həm də yunan-Roma güləşi növlərində qüvvələrini sınayan pəhləvanlarımız 12 -6 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıblar. Bu medallardan 8-ni (4 qızıl, 1 gümüş və 3 bürünc) məhz sərbəst güləşçilərimiz əldə ediblər. Qızıl medalları yığmamıza Tural Əsgərov (38 kq), Məmməd Əhmədov (46 kq), Turan Bayramov (50 kq) və Əbdülxalid Quluzadə (66 kq) qazandırıb. 54 kq çəkidə mübarizə aparan Rəşad Əzizov yalnız finalda uduzaraq gümüş medalla kifayətlənib. Məhəmmədəli Quliyev (42 kq), Vahid Əlizadə (58 kq) və Valeh Həmidov (66 kq) bürünc medala sahib olub.
Yunan-Roma güləşi növündə də qüvvələrini sınayan güləşçilərimiz isə 4 -2 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olublar. 50 kq-da Turan Bayramov və 58 kq-da Vahid Əlizadə bütün rəqiblərindən üstün olub. Əbdülxalid Quluzadə (66 kq) gümüş, Valeh Həmidov (66 kq) isə bürünc medal qazanıb.
Komandamız hər iki növ üzrə üçüncü yerdə qərarlaşıb.