Lənkəranda stolüstü idman növləri üzrə yarış keçirilib

Lənkəranda stolüstü idman növləri üzrə yarış keçirilib


Azərbaycanda idmana göstərilən xüsusi dövlət qayğısı təkcə Bakıda deyil, bölgələrdə də bu sahənin inkişafına müsbət təsir göstərir. Respublikamızın əksər bölgələrində fəaliyyət göstərən Ölimpiya idman kompleksləri, idman cəmiyyətləri, klublar uşaq və gənclərin sevimli məkanına cevrilib. Bölgələrdə təşkil olunan müxtəlif idman növləri üzrə yarışlar ənənəvi xarakter alır. Sevindirici haldır ki, idman ocaqları ilə yanaşı, ayrı-ayrı dövlət idarələri, eləcə də həmkarlar ittifaqlarının təşkilatları da belə turnirlərin təşkilində fəallıq nümayiş etdirirlər.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsi də idman tədbirlərinin təşkilinə xüsusi diqqət ayırır. Komitə tərəfindən müxtəlif turnirlərin keçirilməsi ənənəvi xarakter alıb. Belə yarışlara maraq çox olduğundan iştirakçıların sayı da ildən-ilə artır.
Bugünlərdə Lənkəranda stolüstü idman növləri üzrə (dama, şahma, nərd) yarışlar keçirilib. Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin və "Spartak” KBTİC-in birgə təşkilatçılığı ilə keçirilən turnir ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub. Yarışlarda 13 təşkilatı təmsil edən 43 nəfər gücünü sınayıb. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən yarışlarda bütün növlər üzrə qaliblər müəyyənləşib. Şahmat yarışlarında "Aqrarkredit” SKT Lənkəran filialının aparıcı mühasibi Elnur Nəhmətli birinci yerə layiq görülüb. Lənkəran "Şəhərlərarası Avtovağzal” MMC-nin baş meneceri Cavid Cəbiyev ikinci, rayon Məşğulluq Mərkəzinin aparıcı məsləhətcisi Şəhriyar Əsədov üçüncü olub. Dama yarışları da gərgin idman mübarizəsi şəraitində keçib. Lənkəran İcra Hakimiyyəti aparatının baş məsləhətcisi Afət Əkbərov birinci yeri tutub. Vilvan kənd icra nümayəndəliyinin təmsilçisi İslam Məmmədov ikinci olub. Gənclər və İdman İdarəsinin baş məsləhətcisi Sadiq Həmidov üçüncü yerdə qərarlaşıb. Nərd yarışlarında Sütəmirdov Kənd İcra Nümayəndəliyinin təmsilçisi İslam Məmmədov bütün rəqiblərini üstələyib. Statistika İdarəsinin aparıcı məsləhətçisi Ələddin Quliyev ikinci olub. 74 saylı Lənkəran DSK-ın böyük məsləhətçisi Sadiq İsmayılov üçüncü yerdə qərarlaşıb. Yarışlar başa çatdıqdan sonra ilk üç pilləni tutan iştirakçılara pul mükafatları və diplom, IV-V yerlərin sahiblərinə isə diplom verilib. Fəal təşkilatçılığa və nümunəvi hakimliyə görə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin diplomları təqdim olunub. Yarış başa çatdıqdan sonra Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin sədri Oqtay İbayev əməkdaşımızla söhbətində bildirib ki, turnir böyük marağa səbəb olub: "Ölkəmizdə idmanın inkişafına göstərilən qayğı hər birimizi sevindirir. Yaradılan şərait yeniyetmə və gənclərin idmanın müxtəlif sahələrinə marağını artırır. Bölgələrimizdə də idmanla məşğul olmaq üçün hər cür imkan mövcuddur. Tez-tez təşkil olunan yarışlarda müxtəlif təbəqədən olan insanlar güclərini sınayırlar. Bugünlərdə təşkil etdiyimiz stolüstü idman növləri üzrə turnir böyük marağa səbəb oldu.Yarış Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lənkəran Şəhər Komitəsinin və "Spartak” KBTİC-in Şəhər Şurasının birgə təşkilatcılığı ilə keçirildi. Şəhər Şurasının sədri Əlizadə Əsədov yarışların yüksək səviyyədə təşkilində öz köməyini əsirgəmədi. Nərd, şahmat və dama üzrə keçirilən yarışlar uğurla başa çatdırıldı. Biz gələcəkdə də bu cür yarışların təşkilini planlaşdırmışıq”.