«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası

Güləş
Aprelin 16-19-da Heydər Əliyev adına İdman Arenasında keçirilən sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnirə yekun vurulub. Bakıda keçiriləcək ilk Avropa Oyunlarına test xarakteri daşıyan turnirdə Azərbaycan pəhləvanları ilə yanaşı, Ukrayna, İran, Türkiyə, Özbəkistan, Gürcüstan, Slovakiya, Türkmənistan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Belarus güləşçiləri də iştirak ediblər. Ümumilikdə 13 ölkədən 500-ə yaxın idmançının mübarizə apardığı yarışda idmançılarımız uğurla çıxış ediblər. Dörd gün davam edən yarışda yığma komandamızın güləşçiləri 53 (16 qızıl, 14 gümüş və 23 bürünc) medala sahib olublar.
Turnirin ilk günündə meydana çıxan yeniyetmə yunan-Roma güləşçilərimiz 3 qızıl, 8 gümüş və 9 bürünc medala yiyələniblər. Yunan-Roma güləşi üzrə gənclərdən ibarət yığmamızın üzvləri ikinci yarış günündə mübarizəyə qoşularaq 4 qızıl, 2 gümüş və 3 bürünc medala sahib olublar. Yarışın son iki günündə qüvvələrini sınayan sərbəst güləşçilərin qazandıqları 24 medaldan 15-ni (4 qızıl, 3 gümüş və 8 bürünc) yeniyetmələr, 9-nu (5 qızıl, 1 gümüş və 3 bürünc) medalı isə gənclər əldə ediblər. Azərbaycan yığması beynəlxalq turnirdə birinci yeri tutub.
Sevindirici haldır ki, qazanılmış uğurda "Neftçi İdman Klubu”nun pəhləvanları böyük əzmkarlıq göstəriblər. Belə ki, komandamızın əldə etdiyi 53 medaldan 20-si (9 qızıl, 6 gümüş, 5 bürünc) klubumuzun payina düşür.
Yunan-Roma güləşi üzrə Elşad Məmmədov (42 kq) və Ülvi Qənizadə yeniyetmələr arasında, İslam Abbasov (85 kq) və Orxan Nuriyev (96 kq) isə gənclərin yarışında qalib adını qazanıblar. Sərbəst güləşçilər arasında təşkil olunan yarışlarda klubun yeniyetmələrindən Fazil Həsənov (58 kq) və Əhliman Quliyev (76 kq), gənclərdən isə Mahir Əmiraslanov (55 kq), Vurğun Əliyev (60 kq) və Murad Süleymanov (74 kq) bütün görüşləri qələbə ilə başa vuraraq qızıl medala layiq görülüblər.

Boks
"Cristal Hall”da Avropa Oyunlarına boks üzrə sınaq xarakterli "Böyük İpək Yolu” beynəlxalq turniri başa çatıb. Aprelin 15-də start götürən və beş gün davam etmiş yarışda Azərbaycan idmançıları ilə yanaşı, Böyük Britaniya, Bolqarıstan, Fransa, Macarıstan, Belarus, Türkiyə, Gürcüstan, Rusiya, Qazaxıstan və Özbəkistan komandaları da iştirak ediblər. Ölkəmiz bu turnirdə 29 boksçu ilə təmsil olunub. Yarış Azərbaycan yığması üçün uğurlu alınıb. Dəri əlcək ustalarımız turnirin 7 qızıl, 3 gümüş və 4 bürünc (14 medal) medalına yiyələniblər və millimiz komanda hesabında 1-ci yeri tutub.

"Neftçi İdman Klubu”nun 3 boksçusu milli komandanın heyətində yer alıb: Cavid Dadaşov (49 kq), Rauf Rəhimov (81 kq) və Anaxanım Ağayeva (51 kq). Klubun təmsilçilərindən Anaxanım Ağayeva turnirin qızıl medalını qazanıb. Cavid Dadaşov isə yarışı 3-cü yerdə başa vurub. Digər idmançımız Rauf Rəhimov üçün turnir uğursuz alınıb. Boksçumuz elə ilk görüşdə məğlub olub.
Boks üzrə daha bir yarış Rusiyanın Mineralnıye Vodı (Minvod) şəhərində 2001-2002-ci illər təvəllüdlü idmançılar arasında keçirilib. "Dinamo” cəmiyyətinin Stavropol Regional Təşkilatının açıq birinciliyi Böyük Vətən müharibəsində qələbənin 70 illiyinə həsr olunub. Yarışda "Neftçi İdman Klubu”nun boksçusu Əmri Novruzov (62 kq) turnirin qalibi adını qazanıb.

Sambo
Serbiyanın Novi Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə növbəti Avropa birinciliyi keçirilib.
"Neftçi İdman Klubu”nun milli komandanın tərkibində yer almış samboçularından yeniyetmələr arasında Rəşad Dünyamalıyev (52 kq) bütün rəqiblərini üstələyərək Avropa çempionu olub. Eyvaz Baxşıyev (48 kq) və Elvin Cəlilov (70 kq) isə bürünc medala yiyələnib. Gənclərin yarışında Kamran Əsgərov (62 kq) qitə yarışının qalibi adını qazanıb. Digər idmançımız Fərid Qardaşxanov (57 kq) isə bürünc medal əldə edib.



Cüdo
Gənclər arasında cüdo üzrə Avropa kuboku yarışlarına yekun vurulub. Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yarışdan Azərbaycan komandası 4 medalla (2 qızıl, 1 gümüş, 1 bürünc) qayıdıb.
Fərəhli haldır ki, əldə olunan hər iki qızıl medalı ölkəmizə "Neftçi İdman Klubu”nun cüdoçuları qazandırıblar. 55 kq çəki dərəcəsində mübarizə aparan Natiq Qurbanlı bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Klubun digər təmsilçisi Hidayət Heydərli (66 kq) də eyni uğuru təkrarlayıb.



Taekvondo
Kişinyovda taekvondo üzrə keçirilən "Moldova Open” G1 kateqoriyalı beynəlxalq turnir sona çatıb. Respublikamızı yarışda 23 idmançı təmsil edib. Reytinq xarakterli yarışda seçmə kollektiv 9 medal qazanıb və idmançılarımız hesablarına növbəti lisenziya xalları yazdırıblar. Klubumuzun taekvondoçusu İlkin Şahbazov (74 kq) bütün döyüşləri qələbə ilə yekunlaşdıraraq qızıl medala layiq görülüb.



Stritbol
Özbəkistanın paytaxtı Daşkənddə qadınlar arasında stritbol üzrə beynəlxalq turnir keçirilib. 12 komandanın iştirak etdiyi yarışda stritbolçular 2 qrupda mübarizə aparıblar.
Stritbol üzrə qadınlardan ibarət milli yığma komandamız qrup mərhələsini uğurla başa vuraraq yarımfinala yüksəlib. Tatyana Slojenitsinanın yetirmələri bu mərhələdə Özbəkistanın LND komandasını 15:11 hesabıyla məğlub edərək finala vəsiqə qazanıblar. Həlledici final mərhələsində stritbolçularımız kifayət qədər güclü olan ev sahibi "Almalık” komandası üzərində 21:15 hesabı ilə qalib gəliblər və turnirin qalibi adını qazanıblar.

Turnirin ən yaxşı oyunçusu adına komandamızın üzvü Tatyana Deniskina layiq görülüb. Qeyd edək ki, milli yığma komandanın heyətində "Neftçi İdman Klubu”nun təmsilçiləri Abigal və Alexandra Mollenhauer bacıları, Tatyana Deniskina və Yuliya Zıkova da olub.

Kikboksinq
"Sərhədçi” İdman Olimpiya Mərkəzində kikboksinq üzrə kişilər və kadetlər arasında XXI Azərbaycan çempionatı başa çatıb. Yarışda paytaxt və bölgələrdən 400-dən çox idmançı qalib adı uğrunda yarışıb.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda klubumuzun idmançıları böyük əzmkarlıq nümayiş etdirərək 6 qızıl, 4 gümüş və 10 bürünc medala sahib olublar. Kikboksçularımız komanda hesabında 1-ci yeri tutublar. Təmsilçilərimizdən Anar Məmmədov (51 kq), Ramiz Məmmədov (54 kq), Elnur Dəryagir (63,5 kq), Ağalar Sadiqzadə (91 kq), xanım idmançılardan isə Suata Səlimova (60 kq) Azərbaycan çempionu olub.


Futbol
Ötən həftə I Divizionda 24-cü turun oyunları keçirilib. "Qaradağ Lökbatan” komandası bu tur çərçivəsində "Bayıl Arena”da "Rəvan”ın qonağı olub. Matçın 75-ci dəqiqəsində rəqibin futbolçusu Vüsal Qarayev komandasını önə çıxarıb. 84-cü dəqiqədə "Qaradağ Lökbatan”lı Rüfət Məmmədov hesaba tarazlıq gətirib - 1:1. Oyunda sona qədər hesab dəyişməyib. Görüşdən 1 xalla ayrılan komandamız hazırda 51 xalla 3-cü pillədə qərarlaşıb. Komandamızın hücumçusu İlham Allahverdiyev bu mövsüm vurduğu 20 qolla bombardirlər siyahısına başçılıq edir.
Qeyd edək ki, "Qaradağ Lökbatan” növbəti turda, aprelin 24-də İmişlinin "Mil-Muğan” komandasını qəbul edəcək.



Paralimpiya
Azərbaycanın parataekvondo üzrə milli komandası Avropa çempionatında mübarizə aparıb. Ölkəmiz Moldovanın paytaxtı Kişinyovda təşkil edilən paralimpiyaçılar arasında dördüncü qitə çempionatında 12 idmançı ilə qatılıb. 15 ölkədən 89 parataekvondoçunun iştirak etdiyi yarışda milli komandamız 7 medala yiyələnib ki, onların da hamısı "Neftçi İdman Klubu”nun yetirmələrinə məxsusdur. Onlardan Rövşən Qəhrəmanlı (61 kq), Nicat Müslümov (75 kq) və Aleksandr Polişuk (+75 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Namiq Abbasov (61 kq) və Röyalə Fətəliyeva (49 kq) yalnız finalda məğlub olaraq gümüş medala layiq görülüblər. Digər təmsilçilərimiz - Anar Hüseynov (61 kq) və Vüqar Adışirinov (+75 kq) isə Avropa çempionatını 3-cü yerdə tamamlayıblar.
Komandamız kişilər və ümumi komandalar arasında 3-cü yerə çıxıb.

"Neftçi İdman Klubu” İctimai
Birliyinin mətbuat xidməti