Məktəbli hokkeyçilər yenidən mübarizəyə başlayırlar

Məktəbli hokkeyçilər yenidən mübarizəyə başlayırlar

Otüstü Hokkey Federasiyası respublikamızda otüstü hokkey idman növünün daha da inkişafı etdirilməsi və kütləviliyinin artırılması məqsədilə ötən ildən etibarən Bakı və Sumqayıt şəhərləri üzrə idman və təhsil idarələri ilə birgə yeni layihə həyata keçirir. Layihəyə əsasən Bakı və Sumqayıt şəhərlərinin bir sıra orta məktəblərində otüstü hokkey üzrə dərsdənkənar məşğələlər təşkil olunub. Əsas məqsəd şagirdlər arasında otüstü hokkeyin geniş yayılması və dərsdənkənar məşğələlərdə fərqlənən oğlan və qızların peşəkar məşqçilərin rəhbərliyi altında bölmələrdəki təlimlərə cəlb olunmasıdır.
Bu layihənin həyata keçirilməsi üçün bir il əvvəl federasiya tərəfindən Bakının 19 məktəbində fəaliyyət göstərən bölmə üzvləri hokkey ağacları və toplarla tam təchiz ediliblər. İyunun 1-də isə seminar məşğələlərində fəallıq göstərdiklərinə görə Bakı və Sumqayıt şəhərlərində 23 məktəb müəlliminə "C” kateqoriyalı məşqçi sertifikatı verilib.
Ümumtəhsil məktəblərində çalışan bədən tərbiyəsi müəllimlərinin dərsdənkənar vaxtlarda otüstü hokkeyin öyrədilməsi işinə qiymət vermək üçün ötən il noyabrın 1-dən 9-dək Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi Bakı Şəhəri üzrə Təhsil İdarəsi, eləcə də Otüstü Hokkey Federasiyası ilə birgə 2000-2002-ci illər təvəllüdlü oğlan və qızlardan ibarət komandalar arasında məktəblilərin festivalını keçirib. Azərbaycanda otüstü hokkeyin yaradılmasının 45 illiyi münasibətilə təşkil edilən yarışda qızlardan ibarət 8, elə o qədər də oğlan komandası 2 qrupda dairəvi sistemlə mübarizə aparıb. Qızların birinciliyində qruplarda müvafiq yerləri tutan məktəb komandaları aşağıda göstərilən kimi pley-off oyunlarında qarşılaşaraq, yekun yerləri müəyyənləşdiriblər.

Qızlar
VII -VIII yerlər uğrunda - Suraxanı 275 saylı -Binəqədi 284 saylı - 1:0
V - VI yerlər uğrunda - Nizami 61 saylı - Sumqayıt 17 saylı - 0:1
III - IV yerlər uğrunda -Nərimanov 200 saylı - Qaradağ 233 saylı - 1:0
I - II yerlər uğrunda - FİNAL -Xəzər 149 saylı - Xəzər 117 saylı - 0:2
Yarışın yekununda təşkilatçılar I, II və III yerləri tutan komandalara diplomlar və müvafiq kuboklar təqdim ediblər. Festivalın ən yaxşı oyunçularına isə federasiyanın qiymətli hədiyyələri verilib.
Oğlan otüstü hokkeyçilərdən ibarət komandalar da qrup oyunlarında tutduqları yerlərə müvafiq pley-offda qarşılaşıblar. Yarışda fərqlənən komandalar diplom və müvafiq kuboklarla təltif olunublar.

Oğlanlar
Qaradağ 233 saylı - Nərimanov 200 saylı - VII -VIII yerlər uğrunda- 1:0
Binəqədi 276 saylı - Binəqədi 284 saylı -V - VI yerlər uğrunda - 0:1
Xəzər 117 saylı - Suraxanı 275 saylı - III - IV yerlər uğrunda - 2:1
Sumqayıt 22 saylı - Uşaq Evi 2 saylı - I - II yerlər uğrunda - 0:3
Layihənin II mərhələsi isə aprelin 25-də, şənbə günü start götürəcək. Ölkəmizdə keçiriləcək ilk Avropa Oyunlarına həsr edilən 2000-2002-ci illər təvəllüdlü oğlan və qız məktəblilərin festivalında da iştirakçıların sayı 16 nəfərdən ibarət olacaq. Ancaq bu dəfə Nərimanov rayonundakı 200 saylı məktəbin komandaları yarışda iştirak etmədiklərinə görə onları Xətai rayonundakı Heydər Əliyev adına liseyin (oğlan) və federasiyanın (qız) komandaları əvəz edəcəklər. Ötən yarışlardan fərqli olaraq kiçik ölçülü meydançalarda bu dəfə komandaların heyətində qapıçılar da çıxış edəcəklər. Qapıların ölçüləri də əvvəlkilərdən böyük olacaq. Bu dəfəki idman tədbirinin yekununda mükafatlara layiq yer tutan komandalara fəxri kubok, diplom və medallar təqdim ediləcək.