“Sport Time” jurnalının ilk buraxılışı işıq üzü görüb

“Sport Time” jurnalının ilk buraxılışı işıq üzü görüb


Ölkədə idman və Olimpiya Hərəkatının inkişafını təbliğ edən idman nəşrlərinin siyahısına biri də əlavə olunub: "Sport Time”ın ilk buraxılışı işıq üzü görüb. Jurnalın ilk nömrəsi iyunda ölkəmizdə keçiriləcək I Avropa Oyunlarına həsr olunub. Jurnalda Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin I Avropa Oyunları ilə bağlı nitqi, Olimpiya və Paralimpiya Oyunlarında idmançılarımızla görüşü, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın fəaliyyəti və diğər mövzular yer alıb. Jurnalda, həmçinin, "Milli ruh, milli geyim”, "Mənim qardirobum” rubrikaları da oxuculara təqdim edilib. Bu rubrikalarda idmançılar oxuculara maraqlı obrazlarda təqdim olunublar. Bundan başqa jurnalda Olimpiya İdman Komplekslərinin fəaliyyəti, müxtəlif idman növləri ilə məşğul olan idmançılar barədə məlumatlar da yer alıb.
"Sport Time” jurnalının baş redaktoru yazıçı-jurnalist Jalə Rzabəylidir. Jurnal iki aydan bir idmansevərlərin görüşünə gələcək. Geniş oxucu kütləsinin və idman yarışlarında iştirak edən əcnəbi qonaqların marağını çəkmək məqsədi ilə bəzi rubrikalar ingilis dilində təqdim olunub. Jurnalın növbəti saylarında bu ənənə davam etdiriləcək və rusdilli oxucular da nəzərə alınacaq. İdman ölkələr arasında dostluq, qardaşlıq əlaqələrini möhkəmləndirir, beynəlxalq arenalarda idmançılarımızın qazandıqları uğurlar ölkəmizin nüfuzunu daha da artırır. Bütün bunlar idmanın nə qədər əhəmiyyət daşıdığının göstəricisidir.

Qürurla deyə bilərik ki, dövlətimiz idmana, onun inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərir. Paytaxtla bərabər, regionlarımızda da müasir standartlara cavab verən Olimpiya kompleksləri, stadionlar tikilib istifadəyə verilir. Təməli ulu öndər Heydər Əliyevin qoyduğu idman siyasəti Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. İdmançılarımızın beynəlxalq arenalarda, Olimpiya oyunlarında əldə etdikləri nailiyyətlər bu diqqətin bariz nümunəsidir.
Bu il paytaxtımızda keçiriləcək I Avropa Oyunları ölkə rəhbərliyinin uzaqgörən siyasətinin nəticəsidir. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi tarixi hadisədir. Bu mötəbər yarışda idmançılarımıza uğurlar arzulayır, bayrağımızın daim zirvələr fəth etməsini diləyirik !
Əziz idmansevərlər! Ümid edirik ki, "Sport Time” jurnalı hər bir ölkə idmançısının yaxın dostuna, sirdaşına çevriləcək.