Səmti müəyyən etmə üzrə turizm yarışı keçirilib

Səmti müəyyən etmə üzrə turizm yarışı keçirilib

"Neftçi idman klubu” İB Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) neft, qaz və kimya sənayesi işçiləri və digər təşkilatları arasında səmti müəyyən etmə üzrə turizm yarışı təşkil edib. Aprelin 24-də Şıxov qəsəbəsindəki meşə zolağında (Velopark) keçirilən yarışda Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, Maddi-Texniki Təchizat İdarəsi, Geofizika və Geologiya İdarəsi, "28 May” NQÇİ, "Mədəngeofizika” İB, Qaz Anbarlarının İstismarı İdarəsi və "Neftqazelmitədqiqatlayihə” İnstitutunun komandaları tərkibində 35 nəfər mübarizə aparıblar.
Yarışın keçirilməsində əsas məqsəd səmti müəyyən etmə idman növünü inkişaf etdirmək, işçilərə təbii şəraitə uyğunlaşmaq vərdişlərini aşılamaq, turizm üzrə yarışların yeni formalarını araşdırmaq və təbliğ etmək, eləcə də "Neftçi idman klubu” İB-in yığma komandasının üzvlərini müəyyən etmək olub.
Ümumi nəticəyə görə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun komandası yarışın qalibi adını qazanıb. Maddi-Texniki Təchizat İdarəsi 2-ci, Geofizika və Geologiya İdarəsi isə 3-cü yerə çıxıb.
Yarışda (kişilər və qadınlar) 1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandalar "Neftçi idman klubu”nun diplom və xatirə hədiyyələri ilə mükafatlandırıldılar.


"Neftçi idman klubu”
İctimai Birliyinin mətbuat xidməti