Qadın güləşçilərimiz Sofiyada 4 medal qazanıblar

Qadın güləşçilərimiz Sofiyada 4 medal qazanıblar

Bolqarıstanın paytaxtı Sofiya şəhərində güləş üzrə böyüklər arasında Dan Kolov və Nikola Petrovun xatirəsinə beynəlxalq turnir keçirilib. 53-cü dəfə keçirilən turnirdə ölkəmizi qadın güləşçilərdən ibarət yığma komandanın üzvləri təmsil ediblər.
55 kq çəkinin finalında Azərbaycan təmsilçiləri üz-üzə gəliblər. Bolqarıstan və İtaliya təmsilçilərinə qalib gələn güləşçimiz Nataliya Sinişin finalda digər təmsilçimiz Alyona Kolesnik ilə qarşılaşıb. Kolesnik finala qədər Tunis və Almaniya güləşçilərini məğlub edib. Maraqla izlənilən final görüşü təcrübəli Nataliya Sinişinin qələbəsi ilə yekunlaşıb. Beləliklə, Nataliya Sinişin qızıl, Alyona Kolesnik isə gümüş medala yiyələniblər.
69 kq-da təmsilçilərimiz Nadya Muşka və Elis Manolova ilk görüşdə qarşılaşıb. Görüşdə qalib gələn Nadya Muşka finala yüksəlmək üçün Bolqarıstan təmsilçisini də üstələyib. Finalda İsveç təmsilçisi ilə görüşü uduzan güləşçimiz gümüş medalla kifayətlənib. Elis Manolova isə bürünc medal uğrunda Bolqarıstan güləşçisini məğlub edib və turniri üçüncü pillədə başa vurub.
Beləliklə, qadın güləşçilərimiz Avropa Oyunlarından əvvəl Bolqarıstanda keçirilən növbəti sınaq yarışını dörd - 1 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurublar.