Yeniyetmələr arasında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək

Yeniyetmələr arasında güləş üzrə Azərbaycan çempionatı keçiriləcək


Sərbəst və yunan-Roma güləşi üzrə 1998-99-cu il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan çempionatı keçiriləcək.
Çempionatın keçirilməsi yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi idman növlərinin inkişafına və kütləviliyinə nail olmaq, ehtiyat qüvvələri aşkarlamaq və yeniyetmələrdən ibarət yığma komandanın heyətini formalaşdırmaq məqsədi daşıyır.
Dünya Güləş Birliyinin qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələyə aprelin 25-də start verilib və may 8-dək davam edəcək. Bu mərhələdə AGF-nin region birinciliyi uğrunda yarışlar keçirilir.
Aprelin 25-26-da AGF-nin 3, 5 və 6 saylı nümayəndəliklərdə seçim yarışları keçirilib. 2 və 4 saylı nümayəndəliklərdə seçim yarışları mayın 1-2-də, 7 saylı nümayəndəlikdə isə, mayın 2-3-də baş tutacaq. Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışı isə mayın 5-8-də Hövsan Olimpiya İdman Kompleksində keçiriləcək.
İkinci mərhələdə isə, regionlararası seçim yarışlarının nəticələrinə əsasən mayın 19-21-də yeniyetmələrin Azərbaycan çempionatı təşkil ediləcək. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.