«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası

Dama
Rusiyanın Yaroslavl şəhərində 64 xanalı dama üzrə Avropa birinciliyi davam edir. Ümidlər yaş qrupu, yeniyetmələr və gənclər arasında təşkil olunan qitə yarışında Azərbaycan idmançıları da bacarıqlarını nümayiş etdirirlər.
"Neftçi İdman Klubu”nun yığma komandasının üzvü Ülkər Babanlı 10 yaşadək qızlar arasında keçirilən Avropa birinciliyində əvvəlcə sürətli oyun yarışlarında mübarizə aparıb. İsveçrə sistemi üzrə keçirilən yarışlarda Ülkər 16 idmançı arasında 11 xal toplayaraq bürünc medala layiq görülüb. 8 turdan ibarət yarışı klubun yetirməsi 4 qələbə, 3 heç-heçə və 1 məğlubiyyətlə başa vurub. Birinciliyin ümidlər yaş qrupunda Viktoriya Nikolayeva (Belarus) 1-ci, Tunara Fyodorova (Rusiya) isə 2-ci yeri tutub.
Qeyd edək ki, artıq Avropa birinciliyində klassik yarışlara start verilib və çempionat may ayının 3-dək davam edəcək.

Karate
Latviyanın paytaxtı Riqada Şərq döyüş növlərinin olimpiadası və kontakt karate üzrə Avropa çempionatına yekun vurulub. Yarışda 30 ölkədən 1800 idmançı qalib adı uğrunda mübarizəyə qoşulub.
Yığmamız yarışda 14 idmançı ilə təmsil olunub ki, onlardan da 8-i "Neftçi İdman Klubu”nun yetirmələri olub. Karateçilərimiz yarışda 3 qızıl və 1 bürünc medala sahib olublar. Onlardan İsmayıl Bayramzadə (12-13 yaş, 40 kq), Xaqani Niftəliyev (+18 yaş, 75 kq) və Səbuhi Nuriyev (+18 yaş, 80 kq) bütün döyüşləri qələbə ilə başa vuraraq Avropa çempionu titulunu qazanıblar. Səmral Fərəcov (10-11 yaş, +35 kq) isə fəxri kürsünün 3-cü pilləsində yer alıb.

*  *  *
Sözügedən ölkənin Dauqavpils şəhərində isə SKDUN karate-do üzrə Avropa çempionatı keçirilib. 2000-dən artıq karate ustasının iştirak etdiyi yarışda klubun idmançıları əzmlə mübarizə aparıblar. Təmsilçilərimizdən Sədi Namazov (35 yaş, +85 kq) kumite yarışlarında qızıl, katada isə gümüş medal qazanıb. Səbuhi Nuriyev (+18 yaş, 80 kq) kumitedə liderliyə yüksəlib. Digər idmançılarımız İsmayıl Bayramzadə (12-13 yaş, 40 kq) kumitedə 1-ci, kata yarışlarında 2-ci, Xaqani Niftəliyev (18-21, 75 kq) və Səmral Fərəcov (10-11 yaş, 40 kq) isə kumite yarışlarında 3-cü yeri tutublar.



Badminton
Türkiyənin Konya şəhərində "Uluslararası Konya Rumi Çocuk Spor Oyunları”na yekun vurulub. 23 ölkədən 850 idmançının iştirak etdiyi oyunlarda ölkəmiz də təmsil olunub.
Yeddi komandanın (Türkiyə, Azərbaycan, Makedoniya, Bolqarıstan, Serbiya, Gürcüstan və Konya şəhəri) tərkibində 58 idmançının iştirak etdiyi badminton yarışlarında Azərbaycan millisi də uğurla çıxış edib. Badmintonçularımız komanda hesabında 3-cü yeri tutublar. Türkiyə yığması 1-ci, Bolqarıstan isə 2-ci yerə çıxıb.
Qeyd edək ki, "Neftçi İdman Klubu”nun yetirmələri Səbuhi Hüseynov, Aytac Nemətova və Leyla İsmayılzadə yığma komandanın heyətində yer alıblar.

Universal döyüş
Ağdam Olimpiya İdman Kompleksində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş universal döyüş üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Qazaxıstan və Litvadan olan 420 idmançının qalib adı uğrunda yarışdığı turnirdə yığmanın tərkibində çıxış edən klubumuzun təmsilçisi Orxan İsmayılzadə (85 kq) bürünc medal qazanıb.
Yekun nəticəyə əsasən, Azərbaycan komandası 1-ci yeri tutub.
Turnirin ardınca elə həmin ünvanda keçirilən adıçəkilən növ üzrə yeniyetmələrin respublika birinciliyində isə idmançımız Rasim İsmayılov (45 kq) ölkə çempionu tituluna layiq görülüb.


Üzgüçülük
Çexiyanın Ostrava şəhərində üzgüçülük üzrə beynəlxalq turnir sona çatıb.
Yığma komandanın tərkibində "Neftçi İdman Klubu”nu təmsil edən Dorian Fazekaş, Boris Kirilov və Yuliya Stisyuk mübarizə aparıb. Üzgüçülərimizdən Boris Kirilov 200 metr məsafəyə arxası üstə üzmə yarışında finişə birinci çatıb və qızıl medala layiq görülüb. O, eyni növdə 100 və 50 metr məsafələrdə 3-cü yeri tutub. Digər təmsilçimiz Yuliya Stisyuk isə 100 metr məsafənin arxası üstə üsulla qətində bürünc medala sahib olub.

Futbol
Futbol üzrə I Divizionda 25-ci turun oyunları keçirilib. Bu tur çərçivəsində "Neftçi İdman Klubu”nun "Qaradağ Lökbatan” komandası İmişlinin "Mil-Muğan” klubunu qəbul edib. Lökbatan qəsəbəsindəki Qaradağ Təlim İdman Bazasının stadionunda baş tutan qarşılaşma komandamızın üstünlüyü şəraitində keçib. Oyunun ilk hissəsi rəqibin 1-0 üstünlüyü ilə başa çatsa da, ikinci hissədə daha inamlı təsir bağışlayan futbolçularımız sonda 2:1 hesablı qələbəyə seviniblər. Matçın 9-cu dəqiqəsində qonaqlar Samir Babayevin vurduğu qolla fərqləniblər. İkinci hissənin 47-ci dəqiqəsində Emin Mustafayev penalti zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib - 1:1. Bundan sonra təzyiqi bir qədər də artıran Əfqan Talıbovun yetirmələri 50-ci dəqiqədə qonaq komandanın oyunçusu Zöhrab Məmmədovun avtoqolu sayəsində 2:1 hesabı ilə qələbə qazanıblar. Növbəti 3 xalına yiyələnən "Qaradağ Lökbatan” hazırda 54 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komandamızın hücumçusu İlham Allahverdiyev isə mövsüm ərzində vurduğu 20 qolla bombardirlər siyahısında liderliyini davam etdirir.

Velosiped
Xızı rayonunda keçirilən velosiped idmanının şose növü üzrə Azərbaycan çempionatına yekun vurulub. Yarışda idmançılar 25 kilometr məsafənin qətində fərdi və qrup ötüşmələri üzrə bacarıqlarını nümayiş etdiriblər. "Neftçi İdman Klubu”nun yetirməsi Musa Mikayılzadə gənclər arasında təşkil olunan yarışda 45 dəqiqə 42 saniyə nəticə göstərərək gümüş medal qazanıb.
"Neftçi İdman Klubu” İctimai Birliyinin
mətbuat xidməti