Bakıda Ədalətli Oyunlar Hərəkatı ilə bağlı iclas keçirilir

Bakıda Ədalətli Oyunlar Hərəkatı ilə bağlı iclas keçirilir


Bu ilin oktyabr ayında Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının (CİFP) 51-ci və Avropa Ədalətli Oyunlar Hərəkatının (EFPM) 21-ci Konqres və Assambleyası ölkəmizdə keçiriləcək. Bu barədə qərar ötən il təşkilatın Latviyanın paytaxtı Riqada keçirilən 20-ci Konqres və Assambleyasında qəbul olunub. Tədbirin ölkəmizdə təşkili ilə bağlı rəsmi müqavilənin imzalanma mərasimində Gənclər və İdman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Xəzər İsayev, Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərakatı rəhbərləri iştirak ediblər. Konqres və assambleya ilə bağlı yaradılan Təşkilat Komitəsinin sədri Azad Rəhimov, sədr müavini Xəzər İsayevdir.
Mayın 1-dən 2-dək Bakıda AzƏOK, eləcə də CİFP və EFPM rəsmilərinin iştirakı ilə konqres və assambleyaya hazırlıqla bağlı iclas keçirildi. "Park İnn” hotelində keçirilən tədbirdə CİFP prezidenti Jeno Kamuti, EFPM prezidenti Kristian Hinterberger, qurumun vitse-prezidenti Ərdoğan Arıpınar, baş katibi İoannis Psilopoulos, AzƏOK-un sədri Xəzər İsayev, Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin rəisi İlham Mədətov, AzƏOK-un baş katibi Səlhət Abbasova və adıçəkilən qurumların digər nümayəndələri iştirak edirdilər.
Tədbirdə çıxış edən AzƏOK-un sədri Xəzər İsayev qonaqları salamlayaraq, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan söz açdı. Vitse-prezident Azərbaycanda Olimpiya Hərəkatı və idman sahəsində böyük işlərin görüldüyünü, ölkəmizin Olimpiya ailəsinin nüfuzlu üzvlərindən biri olduğunu diqqətə çatdırdı. Azərbaycanın möhtəşəm bir idman tədbirinə, tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına yüksək səviyyədə hazırlaşdığını deyən AzƏOK sədri Oyunlar zamanı dünyanın bütün diqqətinin Azərbaycana yönələcəyini qeyd etdi.

Konqres və assambleyanın Azərbaycanda təşkil olunmasını yüksək hadisə kimi dəyərləndirən Xəzər İsayev təşkilati məsələlərlə bağlı Azərbaycan tərəfinin lazımi məsələlərin öhdəsindən layiqincə gələcəyinə inandığını bildirdi: "Konqres və assambleyanın ölkəmizdə keçirilməsi ilə bağlı Təşklat Komitəsi yaradılıb. Təşkilat Komitəsinin sədri Azad Rəhimov ölkəmizdə idman aləmində ədalət prinsiplərini daim dəstəkləyir və təbdirin keçiriləməsi ilə bağlı məsələlər onun nəzarəti altındadır. İnanıram ki, konqres və assambleya da ölkəmizdə ən yüksək səviyyədə təşkil olunacaq”.
Xəzər müəllim qeyd etdi ki, konqres və assambleyanın yeni veb səhifəsi artıq fəaliyyətə başlayıb və təbliğati işlər bundan sonra da davam etdiriləcək. Onun sözlərinə görə, tədbirin gedişi zamanı canlı yayım təşkil olunacaq ki, bununla da hər bir şəxs sayt vasitəsilə onu maraqlandıran suallara cavab tapa biləcək. CİFP prezidenti Jeno Kamuti, EFPM prezidenti Kristian Hintirberger, eləcə də hər iki qurumun İcraiyyə Komitəsinin üzvləri ölkəmizə səfərlərindən məmnun qaldıqlarını, konqres və assambleyanın ölkəmizdə yüksək səviyyədə keçiriləcəyinə inandığını bildirdilər.
İclasda oktyabr ayında ölkəmizdə keçiriləcək konqres və assambleyanın təşkili ilə bağlı müzakirələr aparıldı. Məlumat verildi ki, konqresin ilk işi ilə bağlı qrafik müəyyənləşib və sessiyalar haqqında müəyyən qərarlar qəbul olunub. Təklif və qərarlar çıxışın sonunda mütəxəssislərə təqdim olunacaq. Mütəxəssislərin çıxışlarının əvvəlcədən Təşkilat Komitəsinə göndərilməsi və bunun ətrafında fikir mübadiləsinin aparılmasının vacibliyi vurğulandı. Tədbir iştirakçılarının yerləşdirilməsi və viza qaydaları haqqında da fikir mübadiləsi aparıldı.
Qeyd edək ki, iki gün davam edəcək konqres və assambleya 4 sesiyadan ibarət olacaq. Hər bir mövzu ətrafında 1 beynəlxalq və 1 yerli mütəxəssis olmaqla çıxışlar dinləniləcək.
Qeyd edək ki, tədbir zamanı AƏOH rəhbəri Gənclər və İdman naziri Azad Rəhimov üçün nəzərdə tutulan xüsusi hədiyyəni Azərbaycan tərəfinə təqdim edib.

BƏOH-un prezidenti Jeno Kamuti AzƏOK-un sədri Xəzər İsayevi beynəlxalq və Avropa qurumları ilə yaradılan sıx əməkdaşlığa görə BƏOH-un medalı ilə təltif edib.
Səfər çərçivəsində qonaqlar Bakı-2015 ilk Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində olublar, onlara irimiqyaslı yarışa hazırlıqla bağlı ətraflı məlumat verilib.
Məlumat üçün bildirək ki, AzƏOK 1997-ci ildə yaradılıb. Ölkəmiz 1998-ci ildən AƏOH-un üzvüdür. 2000-ci ildən etibarən bu təşkilata Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev rəhbərlik edir. Hərəkatın qitə təşkilatı və beynəlxalq qurumla əlaqələri yüksək səviyyədə qurulub. Ölkəmiz AƏOH-un konqres və assambleyalarında fəal iştirak edir. Qeyd edək ki, 2009-cu ildə Avropa qurumunun konqres və assambleyası paytaxtımızda yüksək səviyyədə təşkil olunub.

Yerli və xarici mütəxəsisslər konqres və assambleyanın ölkəmizdə təşkili ilə bağlı fikirlərini də bizimlə bölüşdülər.


"İnanıram ki, paytaxtımız konqres və 
assambleyaya yüksək səviyyədə ev sahibliyi edəcək”
- Xəzər İsayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, AzƏOK-un sədri:
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə idmanın inkişafında Olimpiya dəyərlərinin qorunması və ədalət prinsiplərinə riayət olunmasına xüsusi diqqət yetirir. Dövlət tərəfindən idmançılarımıza qazandıqları uğurlara görə müxtəlif adların verilməsi, onların mənzil-məişət problemlərinin həlli ədalət naminə atılan ən böyük addımlardan biri kimi dəyərləndirilməlidir. Qeyd edim ki, 2015-ci ildə ölkəmizdə təşkil olunacaq konqres və assambleya ilk dəfə olaraq həm Avropa, həm də Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının birgə təşkilatçılığı ilə keçiriləcək. Xüsusi qeyd edim ki, beynəlxalq və Avropa qurumu tərəfindən indiyədək bütün dünyada mükafata layiq görülən tanınmışlar Bakıda keçiriləcək Qala mərasimdə təltif olunacaqlar. Belə bir mötəbər tədbirin Azərbaycana həvalə olunmasını böyük hadisə kimi qiymətləndirmək olar. AzƏOK ölkəmizdə bədən tərbiyəsi və idman sahəsində, eləcə də bütün cəmiyyətdə ədalət prinsiplərini dəstəkləyən bir təşkilat olaraq fəaliyyət göstərir. Yaradılmış bütün bu şərait Azərbaycan Respublikasında dövlətin və şəxsən ölkə Prezidenti, möhtərəm İlham Əliyevin idmana və Olimpiya Hərəkatına olan xüsusi diqqətin nəticəsidir. Qeyd edim ki, 1998-ci ildə ölkəmizin AƏOH-un üzvü olması təşəbbüsü Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülüb. Respublikamızda inşa edilmiş ən müasir idman qurğuları dinindən, milli mənsubiyyətindən, cinsindən, yaşından və sosial durumundan asılı olmayaraq hər bir vətəndaşın, əhalinin bütün təbəqələrinin idmanla məşğul olmasına şərait yaradır, onların sağlamlığının qorunmasına imkan verir. Qeyd edim ki, ötən il oktyabrın 9-11-də Latviyanın Riqa şəhərində keçirilən Avropa Ədalətli Oyunlar Hərəkatının konqres və assambleyasında Avropa Ədalətli Oyunlar Hərəkatının bayrağı AzƏOK-ə təhvil verildi. İnanıram ki, paytaxtımız konqres və assambleyaya yüksək səviyyədə ev sahibliyi edəcək.

"Avropa Oyunları
idman aləminə yeni
nəfəs gətirəcək”
Jeno Kamuti, CİFP prezidenti:
- Beynəlxalq Ədalətli Oyunlar Hərəkatı uzun illərdir ki, fəaliyyət göstərir. Qurumun əsas fəaliyyəti bu sahədə təbliğati işləri həyata keçirməkdir. Bakıda keçiriləcək konqress və assambleya ilk dəfə olaraq iki qurumu bir araya gətirəcək. Bu, bir tarixi məqamdır. İclas zamanı hazırlıq işləri ilə bağlı maraqlı müzakirələr aparıldı. İnanırıq ki, yerli və xarici mütəxəsisslər konqress və assamleyanın təşkili zamanı maraqlı məruzələrlə çıxış edəcəklər. Azərbaycana səfərimdən çox məmnunam. Paytaxtınızda Avropa Oyunlarına hazırlıqla bağlı mühüm işlər həyata keçirilir. Düşünürəm ki, bu təkcə Azərbaycan Milli Olimpiya Komitəsi üçün deyil, həm də Avropa Olimpiya Komitəsi üçün bir sınaq olacaq. Çünki Oyunların maraqlı proqramı var. Olimpiya və qeyri-Olimpiya idman növlərini bir arada görmək çox həyəcanlı olacaq. Məncə, Avropa Oyunları idman aləminə yeni nəfəs gətirəcək.



"Nüfuzlu idman təşkilatları ilə sıx əməkdaşlıq ədalətli oyun prinsiplərinin yüksək təbliğatına yönəlib”
Kristian Hintirberger, EFPM-in prezidenti:
- İlk növbədə, Azərbaycan tərəfinin səmimi münasibəti, yüksək qonaqpərvərliyinə görə minnətdarlığımı bildirmək istərdim. Bu, mənim Azərbaycana dördüncü səfərimdir. Xatırladım ki, ötən il Avropa Olimpiya Komitəsinin 43-cü Assambleyası zamanı paytaxtınıza səfər etmişdim.
Qeyd edim ki, 1994-cü ildə AƏOH fəaliyyətə başlayarkən qurumun cəmi 14 üzvü var idi. 21 il sonra, 2015-cü ildə bu ölkələrin sayı 39-a çatıb. AƏOH bir sıra Avropa idman təşkilatlarının üzvüdür. Nüfuzlu idman təşkilatları ilə sıx əməkdaşlıq ədalətli oyun prinsiplərinin yüksək təbliğatına yönəlib.
AƏOH-un AzƏOK-la əlaqələri yüksək səviyyədə qurulub. Qeyd edim ki, AzƏOK-un sədri Xəzər İsayevin rəhbərliyi altında bu sahədə fəal təbliğat işləri aparılır. Tələbələr, gənc atletlər, KİV-lər arasında ədalətlilik prisiplərinin təbliği ilə bağlı yüksək səviyyəli tədbirlər həyata keçirilir. Sözsüz ki, bu sahəyə bu cür yanaşma Azərbaycanda idmana və Olimpiya Hərəkatına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan irəli gəlir. Azərbaycan möhtəşəm idman tədbirinə - tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına ev sahibliyi edəcək. Avropa Olimpiya Komitəsi və Azərbaycan Milli Olimpiya Komitəsi çalışır ki, bu idman tədbiri Olimpiya oyunlarından fərqli şəkildə keçirilsin. Yarışın proqramına Olimpiya idman növləri ilə yanaşı, qeyri-Olimpiya idman növləri də salınıb. Sözsüz ki, biz də Avropa Ədalətli Oyunlar Hərəkatı kimi bu tədbiri dəstəkləyəcək və onun bir hissəsi olacağıq.

"Bu gün burada
olmağımız AzƏOK-la möhkəm əlaqələrin mövcudluğunun
göstəricisidir”

Ərdoğan Arıpınar, EFPM-in vitse-prezidenti:
- Avropa Ədalətli Oyunlar Hərəkatı fəaliyyətinin ilk illərindən Azərbaycan Ədalətli Oyunlar Komissiyası ilə sıx əməkdaşlıq edib. Bu gün burada olmağımız AzƏOK-la sıx əlaqələrin mövcudluğunun göstəricisidir.
Təxminən bir ay 10 gündən sonra ölkənizdə möhtəşəm Avropa Oyunları keçiriləcək. Mən deyərdim ki, Bakı-2015 Avropa Oyunları bir növ kiçik Olimpiya oyunları olacaq. Oyunlardan bir neçə ay sonra Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının Bakıda birgə konqresi keçiriləcək. Bu tədbiri təbliğati işlərimizin davamı kimi dəyərləndirmək olar.
Aysel Sultanova