Bakı Atıcılıq Mərkəzi Azərbaycan gənclərinə xidmət etmək üçündür

Bakı Atıcılıq Mərkəzi Azərbaycan gənclərinə xidmət etmək üçündür


Respublikamızda bədən tərbiyəsi və idmanın kütləviləşməsinə, gənclərin fiziki və mənəvi hazırlıqlarının yüksəldilməsinə dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Məhz bunun nəticəsidir ki, Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Ölkəmizdə Olimpiya Hərəkatının təbliği istiqamətində mühüm tədbirlər həyata keçirilir.
Respublikamızda idman sahəsində aparılan uğurlu siyasətin məntiqi nəticəsi olaraq təmsilçilərimiz bir sıra mötəbər yarışlardan Vətənə medallarla dönürlər. Bununla yanaşı, respublikamız müxtəlif idman növləri üzrə mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi edir. Təsadüfi deyil ki, ölkəmizə səfər edən bir sıra beynəlxalq idman təşkilatlarının nümayəndələri Azərbaycanda idmanın inkişafını yüksək qiymətləndiriblər. Respublikamızda idmanın maddi-texniki bazasının gücləndirilməsi üçün paytaxt və bölgələrdə müasir standartlara uyğun Olimpiya idman kompleksləri, idman qurğuları tikilərək xalqın istifadəsinə verilib. Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin bu istiqamətdə apardığı məqsədyönlü siyasət nəticəsində mümkün olub.
Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. İdman sahəsinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlər nəticəsində ölkəmiz bu gün beynəlxalq əhəmiyyətli idman yarışlarının keçirildiyi əlverişli məkandır. Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya uyğun olaraq ölkəmizdə idman dövlət siyasətinin prioritet istiqamətlərində birinə çevrilib.
Bu il paytaxtımız daha bir mötəbər idman yarışına ev sahibliyi edəcək. Avropa Oyunları ilk dəfə olaraq Bakıda təşkil olunacaq. İyun ayının 12-28-də keçiriləcək bu mötəbər tədbirə hazırlıqla bağlı işlər respublikamızda yüksək səviyyədə həyata keçirilir. İdman infrastrukturunun daha da gücləndirilməsi diqqət mərkəzində olan əsas məsələdir. Buyaxınlarda ölkəmizin yeni idman qurğuları sırasına biri də əlavə olundu.
Paytaxtın Binəqədi rayonunda yerləşən Bakı Atıcılıq Mərkəzinin açılış mərəsimində Azərbaycan Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Avropa Oyunları zamanı burada tapança, tüfəng və ov tüfəngi növləri üzrə yarışlar 19 fərdi idmançı və komanda arasında təşkil olunacaq.
İyunun 16-22-də keçiriləcək atıcılıq yarışlarında 19 qızıl medal uğrunda 330 kişi və qadın idmançı mübarizə aparacaq.
Öz səhifələrində Avropa Oyunlarına hazırlıqla bağlı mütəmadi materiallar dərc edən "Olimpiya dünyası” qəzeti bu dəfə yolunu Bakı Atıcılıq Mərkəzindən saldı. İdman ocağının fəaliyyəti ilə bizi yaxından mərkəzin direktoru Bəyəli Hacıyev tanış etdi.
- Bəyəli müəllim, son dövrlərdə idmanın kütləviliyinin təmin olunması məqsədilə ölkəmizdə bu sahədə maddi-texniki baza gücləndirilir. Dünya standartlarına uyğun idman qurğularının xalqın istifadəsinə verilməsi bu sahənin daha da inkişaf etdirilməsinə zəmin yaradır. Buyaxınlarda istifadəyə verilən Bakı Atıcılıq Mərkəzinin əsas fəaliyyətinə nələr daxildir?

- Bu sahəyə bağlı bir insan kimi ölkəmizdə idmanın inkişafı məni çox sevindirir. İdmançılarımız hər il müxtəlif mötəbər yarışlarda böyük uğurlara imza atırlar. Sözsüz ki, bu uğurların əsası ölkəmizdə idmana dövlət səviyyəsində göstərilən diqqət və qayğının nəticəsidir. Azərbaycan Prezidenti İlhm Əliyevin idmançılarıma göstərdiyi dəstək sayəsində bu sahədə uğurlarımız daha da artır. Sirr deyil ki, hər hansı sahədə nəticənin qazanılması üçün yüksək səviyyəli şəraitin yaradılması vacib amildir. Ölkəmizdə inşa olunan idman qurğuları da gənclərin bu sahəyə olan marağını artırmaqla yanaşı, idmanda rəqabəti gücləndirir. Buyaxınlarda istifadəyə verilən Bakı Atıcılıq Mərkəzi Azərbaycan gənclərinə xidmət etmək üçündür. Əsas məqsəd idmana öz töhfəmizi vermək, paytaxt və Binəqədi sakinlərinin bədən tərbiyəsi ilə, idmanla məşğul olmalarını təmin etmək və beynəlxalq səviyyəli yarışların təşkilidir.
- Mərkəz barədə bir qədər ətraflı məlumat verərdiniz.
- Bakı Atıcılıq Mərkəzi idmanın güllə və stend atıcılığı növləri üzrə yarışların və məşqlərin keçirilməsi üçün nəzərdə tutulub. Burada yarışların yüksək səviyyədə təşkil olunması üçün hər cür şərait yaradılıb. Mərkəzin funksional zonalarının sahəsi 123 min kvadratmetrdən artıqdır. Mərkəzin baş planına əsasən, ərazidə inşa edilən bina və qurğuların hamısı Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verir. Bu idman obyektinin əraizisi genişləndirilərək 19.4 hektara çatdırılıb. Burada geniş quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb, ətraf abadlaşdırılıb. Mərkəzin güllə atıcılığı binası müasir səviyyədədir. Binada müxtəlif funksional sahələr, o cümlədən kafe, VİP gözləmə və istirahət, idarəetmə, tədris, dopinq yoxlama, silahsaxlama, həmçinin təchizat-xidmət otaqları, 55 yerlik 2 konfrans və mətbuat zalı, tibb məntəqəsi, fitnes zal var. Güllə atıcılığı sahəsində 10, 25, 50 və 300 metr məsafəyə güllə atıcılığı üzrə yarışlar keçiriləcək. Güllə atıcılığı zallarında atış nəticələrini avtomatik qeydə alan, xalları hesablayıb monitorlara və idarəetmə mərkəzinə ötürən "Sius Ascor” markalı (İsveçrə) müasir elektron sistemləri və avadanlıqları quraşdırılıb. On metrlik məsafəyə qapalı atış tirində 80 idmançının eyni vaxtda yarışmasına imkan verən atış xətti quraşdırılıb. İyirmi beş metrlik məsafəyə yarımqapalı atış tirində 50 idmançı eyni vaxtda yarışa bilər. Burada 346 oturacaq quraşdırılıb. Əlli metrlik məsafəyə yarımqapalı atış tirinin xətti isə eyni vaxtda 80 idmançıya bacarığını sınamağa imkan verir. Üç yüz metrlik məsafəyə yarımqapalı atış tirində də idmançıların yüksək səviyyədə yarışmaları üçün hərtərəfli imkanlar yaradılıb. Burada eyni vaxtda 40 idmançı mübarizə apara biləcək. Final yarışlarının keçirilməsi üçün nəzərdə tutulan 10, 25 və 50 metr məsafəyə atış üzrə qapalı tirlərdə eyni vaxtda 15 idmançı yarışacaq. Güllə atıcılığı binasında Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə uyğun olaraq qurulan zalların hər birində idmançılara, hakimlərə, məşqçilərə xidmət edəcək xüsusi otaqlar yaradılıb. Binanın ikinci mərtəbəsində atıcılıq zallarının nəzarət otaqları və baxış eyvanı, təlim-tədris, məşqçi, iclas otaqları və digər inzibati-texniki otaqlar var. Stend atıcılığı sahəsində idmanın dairəvi və səngər stend atıcılığı növü üzrə yarışlar və məşqlər keçiriləcək. Burada biri final yarışları üçün nəzərdə tutulmaqla 5 atış meydançası inşa olunub. Bu meydançalarda səngər atış hərəkətləri üçün 75 hədəftullayıcı avadanlıq quraşdırılıb. Dairəvi atış hərəkətli üçün inşa edilmiş 5 qüllədə isə 10 hədəftullayıcı avadanlıq var. İtaliyanın "Mattarelli” markalı hədəftullayıcıları Beynəlxalq Atıcılıq Federasiyasının tələblərinə cavab verən avadanlıqlardır. Mərkəzdə idmançıların və məşqçilərin, həmçinin qonaqların qalmaları üçün mehmanxana binası da inşa edilib. Dörd mərtəbə və terrasdan ibarət binada qonaqlaırn istirahəti üçün yüksək şərait yaradılıb. Binada, həmçinin inzibati otaqlar da fəaliyyət göstərir.

- Bəyəli müəllim, İlk Avropa Oyunlarının proqramına daxil olan atıcılıq yarışları Bakı Atıcılıq Mərkəzində təşkil olunacaq. Bu istiqamətdə daha hansı işlər görülüb?
- Belə müasir idman kompleksinin istifadəyə verilməsi ilk Avropa Oyunları zamanı bu idman növləri üzrə yarışların yüksək səviyyədə keçirilməsinə imkan yaradacaq. Bu cür qurğuların istifadəyə verilməsi, mövcud komplekslərin ən yüksək səviyyədə yenidən qurulması bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda başlanılan bütün layihələr uğurla, həm də vaxtında icra olunur. Müasir idman qurğularının yalnız Bakıda deyil, eləcə də regionlarda inşası isə ölkəmizdə gənclərin idmana marağının artırılması və idmanın kütləviliyinin təmin edilməsi istqamətində atılan addımlardan ardıcıl xarakter alıdığını nümayiş etdirir. Bu cür layihələrin reallaşdırılması, eyni zamanda, gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam yetişməsində də mühüm rol oynayır. Müasir idman infrastrukturuna malik Azərbaycan, eyni zamanda, beynəlxalq yarışları keçirmək təcrübəsinə də malikdir. Birinci Avropa Oyunlarına hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Bakı Atıcılıq Mərkəzinin istifadəyə verilməsi də görülən tədbirlərin mühüm tərkib hissəsidir. Onu da deyək ki, bu mərkəz Avropada ən böyük atıcılıq komplekslərindən biridir. Mərkəzdə 495 avtomobil yerlik yürüstü, həmçinin 26 avtomobil yerlik VİP dayanacaqlar da inşa olunub. Burada içməli və yanğına qarşı su anbarları, qazanxana və nasosxana, transformator və generator məntəqələri var. Bu idman obyekti ayrıca qaz, su, kanalizasiya, elektrik, rabitə, yüksəksürətli internet xətləri ilə təchiz edilib. Obyektdə havalandırma, yanğın xəbərverici və yanğınsöndürmə, işıqlandırma sistemləri, təhlükəslik kameraları quraşdırılıb. Mərkəzdə diqqət çəkən əsas məqamlardan biri mühafizə sisteminin yüksək səviyyədə təşkili ilə bağlıdır. Paytaxtımızda Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağı heç kimdə şübhə yaratmır. İnanıram ki, Avropa Oyunlarından sonra ölkəmiz yay Olimpiya oyunlarına da ev sahibliyi hüququnu qazana biləcək. Fürsətdən istifadə edib ilk Avropa Oyunlarında çıxış edəcək idmançılarımıza uğurlar arzulayıram.

Aysel Sultanova