“Şahin” hərbi-idman yarışları keçirilib

“Şahin” hərbi-idman yarışları keçirilib

Sumqayıt şəhərindəki "N” saylı hərbi hissədə "Şahin” respublika hərbi-idman oyunlarının Sumqayıt şəhəri üzrə final mərhələsi keçirilib.
Şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkil etdikləri birincilikdə Sumqayıtdakı 1, 3, 6, 7, 14, 16, 18, 21, 33, 34 nömrəli tam orta məktəblərin, təbiət elmləri təmayüllü gimnaziyanın və texniki və təbiət elmləri təmayüllü liseyin komandaları iştirak ediblər.
Yarışdan əvvəl şəhər mərhələsinə vəsiqə qazanan komandalar Sumqayıtın bayraq meydanından Heydər Əliyevin abidəsinin önünə qədər sıravi addımlarla gəliblər.
Sonra "N” saylı hərbi hissədə yarışların təntənəli açılışı olub.
Yarışın nəticələrinə əsasən, Milli Qəhrəman Mətləb Quliyev adına 3 nömrəli tam orta məktəbin komandası şəhər birinciliyinin qalibi seçilib. İkinci, üçüncü və dördüncü yerləri isə, müvafiq olaraq, texniki və təbiət elmləri təmayüllü liseyinin, 21 nömrəli tam orta məktəbin və təbiət elmləri təmayüllü gimnaziyanın komandaları bölüşdürüblər. Qaliblərə fəxri fərmanlar və kuboklar təqdim edilib.
Birinci yerə layiq görülən komanda "Şahin” respublika hərbi-idman oyununun zona mərhələsinə vəsiqə qazanıb.

*   *   *
Balakən şəhərində də "Şahin” hərbi-idman oyununun rayon mərhələsinin yarışları keçirilib.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, təhsil və müdafiə nazirliklərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə keçirilən bu yarışlar yeniyetmə və gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunması, habelə gənclərin hərbi xidmətə hazırlanması məqsədi daşıyır. Şəhərdəki 2 nömrəli tam orta məktəbin idman meydançasında keçirilən birincilikdə rayonun ümumtəhsil məktəblərini təmsil edən 35 komanda mübarizə aparıb. Komandalar sıra hazırlığı, silahın sökülüb-yığılması, sanitarların hazırlığı, maneənin dəf olunması, mülki müdafiə hazırlığı və digər yarışlarda qüvvələrini sınayıblar. Birinciliyin qalibi olan Qazma kənd 1 nömrəli tam orta məktəbin komandası, eyni zamanda, aprelin sonunda keçiriləcək zona yarışlarına vəsiqə qazanıb. Sonrakı yerləri Katex kənd 1 nömrəli və Kortala kənd tam orta məktəblərin komandaları tutublar. Qalib komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.