Təhsil Nazirliyində I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüş keçirilib

Təhsil Nazirliyində I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüş keçirilib


Mayın 4-də Təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançı və məşqçilərlə görüşüb.
Mikayıl Cabbarov idmançılarla və məşqçilərlə görüşündə ölkəmizdə müasir təhsil sisteminin qurulması sahəsində "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”ndan danışıb və bu sahədə uğurlu nəticələrin əldə olunması üçün təhsil alanların sağlamlığının mühafizəsi, istedadının, yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi məsələlərinə xüsusi önəm verildiyini bildirib. Nazir qeyd edib ki, bu baxımdan, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaq və gənclərin fziki cəhətdən sağlam böyümələri, yaradıcılıqlarının inkişaf etdirilməsi, asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması son dərəcə əhəmiyyətlidir.
Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin uğurlarından söhbət açan nazir ötən il idman və şahmat məktəbləri yetirmələrinin respublika səviyyyəli yarışlarda 1604, beynəlxalq yarışlarda 390 medal (116-sı qızıl, 118-i gümüş, 156-sı bürünc) əldə etməklə, ümumilikdə 1994 medal qazandıqlarını nəzərə çatdırıb.
I Avropa Oyunları ərəfəsində ölkəmizdə aparılan təşviqat kampaniyası çərçivəsində Təhsil Nazirliyi tərəfindən təşkil olunan kütləvi idman tədbirlərinə diqqət çəkən Mikayıl Cabbarov bildirib ki, müvafiq yarışlar ilk Avropa Oyunlarının proqramına daxil olan idman növlərinin məktəblilər arasında təbliği, onların sağlam həyat tərzinə cəlb olunması, şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bədən tərbiyəsinin və idmanın rolunun artırılması məqsədilə keçirilir. Təsadüfi deyil ki, I Avropa Oyunlarında ölkəmizi təmsil edəcək idmançılardan 24 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman məktəblərinin yetirmələri və həmin məktəblərdə çalışan məşqçi-müəllimlərdən ibarətdir. Onlar Avropa Oyunlarında 7 idman növü üzrə (atletika, akrobatika gimnastikası, badminton, qılıncoynatma, sambo, sərbəst güləş, stolüstü tennis) mübarizə aparacaqlar.
Azərbaycanda idman və Olimpiya Hərəkatının müstəqillik illərində təşəkkül tapdığını vurğulayan Təhsil naziri ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş idmanın inkişafına xidmət edən dövlət siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, idman və Olimpiya Hərəkatının yüksələn xətlə inkişaf etdiyini nəzərə çatdırıb. Təhsil Nazirliyi nəzdində fəaliyyət göstərən idman məktəblərindən I Avropa Oyunlarında iştirak edəcək idmançılara uğurlar arzulayan Mikayıl Cabbarov onların yarışlarda uğurla çıxış edərək, ölkəmizi layiqincə təmsil edəcəklərinə inandığını bildirib.