«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası


Güləş
Gürcüstanın Batumi şəhərində dünya çempionu Muxran Vaxtanqadzenin şərəfinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnir sona çatıb. Gənclər arasında təşkil olunan yarışda Azərbaycan millisi 5 medal (1 qızıl, 3 gümüş və 1 bürünc) qazanıb. Mükafatçılar arasında klubu pəhləvanı da yer almağa müvəffəq olub. 60 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Mikayıl Rəhmanov yalnız finalda məğlubiyyət acısı yaşayıb və gümüş medala layiq görülüb.

Dama
Rusiyanın Yaroslavl şəhərində keçirilən 64 xanalı dama üzrə Avropa birinciliyinə yekun vurulub. Ümidlər yaş qrupu, yeniyetmələr və gənclər arasında təşkil olunan yarışda Azərbaycan idmançıları uğurla çıxış ediblər. 5 ölkədən 150 dama ustasının iştirak etdiyi klassik yarışlar İsveçrə sistemi ilə keçirilib və 7 turdan ibarət olub.
Milli komandanın heyəti bütünlüklə "Neftçi İdman Klubu”nun yetirmələrindən təşkil olunub. Ülkər Babanlı 10 yaşadək qızlar arasında keçirilən yarışı 2 qələbə və 5 heç-heçə ilə başa vurub. 7 turdan 9 xal toplayan təmsilçimiz Avropa birinciliyinin bürünc medalına sahıb olub. Bununla da idmançımız ötən il olduğu kimi, bu dəfə də yığmanın heyətində ən yaxşı nəticəni göstərib. Xatırladaq ki, Ülkər Babanlı turnirin ilk günlərində keçirilmiş sürətli oyun yarışlarında da 16 idmançı arasında 11 xal toplayaraq 3-cü yeri tutub. Klubun digər yetirməsi Famil Kamilli isə birinciliyi 4 qələbə, 1 heç-heçə və 2 məğlubiyyətlə başa vurub. 7 turdan 9 xal əldə edən idmançımız yeniyetmələr arasında 3-4-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə təmsilçimiz 4-cü pillədə qərar tutub.
Qeyd edək ki, idmançılarımız avqust ayında Bolqarıstanda təşkil olunacaq dünya birinciliyində öz bacarıqlarını nümayış etdirəcəklər.

Velosiped idmanı
Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2015” beynəlxalq veloyürüşünə start verilib. 5 gün davam edəcək yarışda 24 ölkəni təmsil edən 25 komanda mübarizə aparır.
Mötəbər yarışın ilk mərhələsi "Neftçi İdman Klubu”nun velosipedçisi Elçin Əsədov üçün uğurlu alınıb. Belə ki, Azərbaycanın "Synergy Baku” komandasının heyətində mübarizə aparan idmançı Dövlət Bayrağı Meydanından start götürən 154 km-dən ibarət marşrutun dağ mərhələsində hamıdan yaxşı nəticə göstərib və bununla da qırmızı rəngli "AZAL” köynəyinə sahib olub.
Bu gün "Tour d’Azerbaidjan-2015” veloyürüşünün 2-ci mərhələsinin startı saat 10:30-da Veloparkdan veriləcək. Velosipedçilər 187 km məsafə qət etməklə İsmayıllıda mərhələni başa vuracaqlar. Qeyd edək ki, "Tour d’Azerbaidjan-2015” veloyürüşündə iştirakçılar Rio-2016 Yay Olimpiya Oyunlarına lisenziya xalları toplayırlar.

Atletika
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda atletika üzrə Bakı şəhər birinciliyi keçirilib. 2000-2001-ci illər təvəllüdlü oğlanlar və qızlar arasında təşkil olunan yarışda 115 atlet mübarizə aparıb.
"Neftçi İdman Klubu”nun yetirmələrindən Füzuli Talıbov oğlanlar arasında uzunluğa tullanma yarışlarında 5,95 metr nəticə ilə bütün rəqiblərini üstələyib və paytaxt yarışının qalibi adını qazanıb. Eyvaz Orxanov isə 100 (11,88 saniyə) və 200 metr (24,63 saniyə) məsafələrə qaçışda finişə ikinci çatıb.

Sambo
Hövsan Olimpiya İdman Kompleksində Sabir Hüseynovun şərəfinə həsr olunmuş sambo üzrə Bakı şəhər açıq turnirinə yekun vurulub. Turnirdə 180 idmançı 10 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb.
1999-2000-ci illər təvəllüdlü samboçular arasında təşkil olunan yarışda "Neftçi İdman Klubu”nun təmsilçiləri də mübarizəyə qoşulublar. Klubun yetirmələri 8-i qızıl, 4-ü gümüş və 11-i bürünc olmaqla, turnirin 23 medalına sahib olublar və komanda hesabında 1-ci yeri tutublar. Samboçularımızdan Kənan Babayev (42 kq), Kənan Qasımov (50 kq), Böyükkişi Şükürov (55 kq), Abdulla Abdullayev (60 kq), Xəyal Məmmədov (66 kq), Əli Nəzərli (72 kq), Hüseynəli İsgəndərov (84 kq) və Elvin Abbasov (+84 kq) bütün qarşılaşmalardan qalib ayrılaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar.


Cüdo
Beynəlxalq Cüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. May ayı üçün müəyyən olunan siyahıda "Neftçi İdman Klubu”nun 4 cüdoçusu ilk "10-luq”da qərarlaşıb. Onlar arasında ən yaxşı nəticə Elmar Qasımova (100 kq) məxsusdur. İştirak etdiyi son yarışlarda özünü yaxşı tərəfdən göstərən idmançımız 2-ci pillədədi. Orxan Səfərov (60 kq) 3-cü, Rüstəm Orucov (73 kq) 5-ci və Elxan Məmmədov (100 kq) isə 8-ci yeri tutur. Məhəmmədəli Mehdiyev digər idmançılarımızdan fərqli olaraq, 2 çəkidə ölkəmizin ən yaxşısıdı. 81 kq çəki dərəcəsində 59-cu olan cüdoçumuz 90 kq-da 49-cudu. Klubun digər yetirmələrinə gəlincə, İlqar Müşkiyev (60 kq) 14-cü, Nicat Şıxəlizadə (66 kq) 20-ci, Tural Səfquliyev (81 kq) 97-ci, Şahin Qəhrəmanov (90 kq) isə 55-ci sırada qərar tutub. Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.

"Neftçi idman klubu”
İctimai Birliyinin
mətbuat xidməti