İnsanlara şəfa vermək onun həyatının mənası idi

İnsanlara şəfa vermək onun həyatının mənası idi

Sərbəst

Böyük Vətən Müharibəsində faşizm üzərində qələbədən 70 il keçir. Müharibənin törətdiyi dəhşətləri və bununla mübarizə aparan, hitlerçilərlə döyüşən, qara buludları başımızın üzərindən götürən o böyük insanları unutmaq mümkün deyil. Onların əksəriyyəti dünyasını dəyişsələr də, daima qəlblərdə, könüllərdə yaşamaqdadırlar.
Sözsüz ki, bu belə də olmalıdır. Vətənin qəhrəman övladları ilə müasirlərimiz fəxr etməli, onların keçdiyi yolları addım-addım təkrarlamağa çalışmalıdırlar. Belə igid insanlar sırasında tibb xidməti podpolkovniki Qədəmşah Sadıqov da var idi.
Deyirlər ki, insanın həyatında adının mühüm rolu var. Həqiqətən də, bu qəhrəmandan söz açanda, bu məsələ özünü təsdiqləyir. Adının seçildiyi kimi, o özü də, digər insanlardan olduqca seçilirdi. Qədəmşah - bu adın daşıyıcısı həqiqətən də, necə deyərlər, şah qədəmli idi, və o, bunu qısa, lakin mərdlik, xeyirxahlıq və insanpərvərliyi ilə zəngin olan həyatında artıqlaması ilə sübuta yetirmişdir.
Bu insan heç bir zaman bekar durmaz, nəsə özünə məşğuliyyət tapardı. O sanki fəaliyyətin bir növündən digərinə keçməklə istirahət edirdi. Qədəmşah müəllim həmişə deyirdi: «Mən fəlsəfədən səhiyyə və yaxud nəsrdən poeziyaya keçəndə istirahət edir, dincəlirəm». Yüksək bilik mədəniyyətinə, savada malik olan Qədəmşah müəllim, həm də çox səmimi, xeyirxah insan idi. Onu başqalarından fərqləndirən cəhətlərdən biri də güclü iradəyə malik olması idi.
Həyat eşqi coşub-daşan Qədəmşah müəllim insanlara şəfa vermək, onları vaxtsız ölumün caynağından almağı özünə peşə seçmişdi. Q.Sadıqov Azərbaycan Dövlət Tibb İnstitutunu müvəffəqiyyətlə bitirib diplom alanda uçmağa qanadı yox idi. Amma çox keçmədi ki, dəhşətli bir xəbər qara bulud kimi aydın səmanı bürüdü. Müharibə!
Qədəmşah vətənin digər igid oğulları kimi düşünmədən əlinə silah alıb düşmınə qarşı vuruşmağə qərar verdi. Onu hərbi komissarlıqdan 261-ci diviziyanın 974-cü atıcı polkuna göndərdilər. Ukrayna torpaqlarında gedən ağır döyüşlərdən birində polkun baş həkimi həlak oldu. Onun yerinə həmyerlimizi təyin etdilər. Gənc həkim Q.Sadıqov öz işinin öhdəsindən bacarıqla gəlirdi. Hər qarış torpaq uğrunda ölüm-dirim savaşı gedirdi. 974-cü atıcı polku artıq neçə gün idi ki, düşmən tank və piyadalarının hücumlarını dəf edirdi. Bu zaman batalyonun komandirinə hitlerçiləri geri oturtmaq əmri verildi. Rotalar bir-birinin ardınca düşmənin üzərinə hücuma keçdilər. Qədəmşah da həmin batalyonun tərkibində idi. Səhər açılanda məlum oldu ki, düşmən tərəfindən yeddi tank ələ keçirilib və bir rotanın əsgərləri məhv edilib. Ertəsi gün döyüş daha da şiddətləndi. Atıcı batalyon daha çox itkiyə məruz qaldı, sırada bir nəfər də olsun komandir qalmamışdı. Qədəmşah tərəddüd etmədən batalyonun komandanlığını öz üzərinə götürərək, sağ qalmış əsgər və serjantları yığıb düşmənlə döyüşə atıldı. Piyadalar misli görünməmiş cəsarət göstərərək düşməni 8 kilometr geriyə atdılar. Getdikcə itkilərin sayı artırdı, lakin diviziyanın əsas qüvvələri gələnədək mövqeyi əldən vermədilər. Qədəmşah ayağından ağır yaralandı. Amma buna baxmayaraq, onu əvəz edən zabit gələnə kimi o, döyüşü davam etdirdi. Bu şücaətinə görə Q.Sadıqov «Qızıl Bayraq» ordeni ilə təltif edildi. Onun cəbhə həyatında bu kimi hadisələr saymaqla qurtarmaz. Həmyerlimiz Belqorod - Kursk ərazilərində gedən qızğın döyüşdərdə 32 nəfər yaralını ölümdən xilas etdiyi üçün «Qızıl Ulduz» ordeni ilə təltif edildi. Daha sonra gənc həkim Xarkov, Don və Volqa sahilləri, Smolensk, Belorusiya, Almaniya, Uzaq Şərq döyüşlərindən keçdi. Heç bir şəraitdə özünü itirmədən minlərlə yaralını qanlı döyüşlərdən çıxarıb ölümün pəncəsindən alırdı. «Kommunist» qəzetinin 1943-cü il 6 noyabr tarixli nömrəsində dərc olunmuş «Üç ordenli həkim» adlı məqalədə oxuyuruq: «Vətəni canından əziz tutan oğullarımız ana südünü əsla itirmir, düşmənə qarşı amansızlıqla vuruşub dastanlara, nağıllara, nəsildən-nəslə keçə biləcək solmaz igidliklər göstərirlər. Qvardiyaçı hərbi həkim Qədəmşah Sadıqov da bu igidlərdəndir».
Nəhayət, insanların uzun müddət gözdədikləri Qələbə günü gəlib çatdı. İyirmi dörd yaşlı tibb xidməti mayoru Q.Sadıqov da Vətən qarşısındakı borcu ləyaqətlə yerinə yetirdikdən sonra doğma Azərbaycana qayıtdı. Onun sinəsini, hər biri bir qəhrəmanlığın tarixi olan, beş orden və on döyüş medalı bəzəyirdi. O, cəbhədə döyüşdüyü fədakardıqla elm cəbhəsinə atıldı. Azərbaycan Dövlət Universitetinin aspiranturasını bitirdikdən sonra həmin Universitetdə müəllim, sonralar dosent, eyni zamanda Respublika Həkimlərin Təkmilləşdirilməsi İnstitutunda baş müəllim və tədris hissə müdiri vəzifələrində çalışdı.
«Azərbaycan müəllimi» qəzetinin 1985-ci il 1 may tarixli nömrəsində dərc olunmuş «Ömrüm boyu bu dünyada» məqalədə Qədəmşahın mövqeyindən, mübarizliyindən, həyatın yazılmamış qanunlarına baş əymədiyindən, öz idealları uğrunda daima mübarizə apardığından söhbət açılır.
Q.Sadıqovun elmi fəaliyyəti çoxşaxəli idi. Əvvəlcə fəlsəfə, sonradan tibb sahələrində namizədlik dissertasiyalarını müdafiə edərək, fəlsəfə və tibb elmləri namizədi alimlik dərəcələri aldı. Ali və orta ixtisas məktəbləri tələbələri bu gün də onun yazdığı «Məntiq» və «Etika» dərsliklərindən istifadə edirlər. Qədəmşahın fəlsəfə elmlər doktoru alimlik dərəcəsi almaq üçün yazdığı «Azərbaycanda məntiq nəzəriyyəsinin ünsürləri», tibb elmlər doktoru alimlik dərəcəsi almaq üçün yazdığı «Əbu Əli İbn Sinanın tibb elmlərinə baxışı» əsərlərinin hər ikisi hazır olmasına baxmayaraq, amansız ölüm onun bu arzusunu qəlbində qoydu. Hətta bu əsərlər barədə müxtəlif alimlərin müsbət rəyləri də var.
Qədəmşah öz vaxtını, qüvvə və bacarığını əsirgəmədən bütün varlığı ilə müharibə vaxtında Vətənə, sonralar isə elmə sərf edərək qısa, lakin olduqca mənalı ömrünü şam kimi əritmişdir. Yaradıcılığının çiçəkləndiyi bir vaxtda, ömrünün 45 yaşında dünyasını dəyişdi. Bu insan daha nələr yazmağa, yaratmağa qadir idi…
Q.Sadıqovun yazmış olduğu 46 elmi əsər, çoxsaylı kitab, dərslik, müxtəlif fəlsəfə, təbabət və hərbə aid materiallar arasında xüsusi yer tutan hərbin sirləri haqqında 220 və 360 səhifəlik yazılar hərbi arxivlərdə saxlanılır. «Təşviqatçı» jurnalının 1968-ci ilin 15-ci (avqust) nömrəsində dərc olunmuş «Axtarışlarla keçən ömür» məqaləsində Qədəmşahın yazıb yaratdığı, lakin bəhrəsini ğörmədiyi «Mirzə Fətəli», «Aida», «Birləşmiş yeni kolxoz», «Dəmirçi Gavə», «Axtarış və əkskəşfiyyat» dramları, «Axtaran tapar» komediyası, «Məsləhətovun məsləhəti» məzhəkəsi, «Şahin», «Anacan, ağ saçın» və «Füzuli» lirik poemaları, «Rahib və Rəna» romanlarından bəhs edilir.
Bu günlər qələbəmizin 70 illiyini qeyd edirik. Bu qələbə nəyin hesabına başa gəlib? Bu suala yalnız müharibəni keçmiş və onun dəhşətlərini yaşamış insanlar cavab verə bilərlər. Sözsüz ki, milyonların şəhid olduğu və digərlərinin qəhrəmanlığı hesabına başa gəlib.
Xalqımız Qədəmşah Sadıqov və onun kimi qəhrəmanlarla fəxr edir. Torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir vaxtda gənclərimiz bu qəhrəmanlardan örnək götürməlidirlər.
Qəhrəmanlar heş vaxt unudulmurlar!