«Neftçi İdman Klubu»nun idman xronikası

«Neftçi İdman Klubu»nun idman xronikası
Cüdo
"Sərhədçi” İdman Olimpiya Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş cüdo üzrə "Böyük dəbilqə” beynəlxalq turnirinə yekun vurulub. 50 ölkədən 383 (228 kişi, 155 qadın) cüdoçunun mübarizə apardığı yarışda Azərbaycan millisi 35 idmançı (23 kişi, 12 qadın) ilə iştirak edib. Bu mötəbər yarışı cüdoçularımız 2 qızıl və 1 gümüş medalla başa vurublar.
Yığmamıza hər 3 medalı "Neftçi İdman Klubu”nun yetirmələri qazandırıblar. Belə ki, təmsilçilərimizdən Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) bütün görüşləri qələbə ilə başa vuraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Yalnız həlledici görüşdə məğlub olan Elmar Qasımov (100 kq) isə gümüş medala layiq görülüb.

Boks
Almaniyanın Köln şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş WBCA versiyası üzrə dünya kəməri uğrunda titul döyüşü keçirilib.
"Neftçi İdman Klubu”nun peşəkar boksçusu Rauf Ağayev Belarus təmsilçisi Xavaci Xatsiqovu məğlub edərək qızıl kəmərə sahib olub. İdmançımız 12 raundluq döyüşün 3-cü raundunda rəqibini nokaut vəziyyətinə salıb və 3-cü dəfə kəməri özündə saxlayıb.
İdmançılarımız artıq Vətənə dönüblər. Heydər Əliyev adına Beynəlxalq Hava Limanında onlar "Neftçi İdman Klubu”nun rəhbərliyi və idman ictimaiyyəti tərəfindən böyük coşqu ilə qarşılanıblar. Peşəkar boksçumuz Rauf Ağayev mətbuat nümayəndələrinin suallarını cavablandırarkən deyib: "Bu, mənim üçün vacib döyüş idi. Çünki rəqibim Xatsiqov əvvəlki illərdə boksçularımız Şahin İmranov və Ağası Məmmədova qalib gəlmişdi. Mən onu nokaut edərək, hər iki boksçumuzun qisasını aldım”.


Şahmat
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş "Naxçıvan-2015” Beynəlxalq Şahmat Festivalı başa çatıb. Klubumuzun zəka sahibi, azərbaycanlı qrossmeyster Eltac Səfərli festivalın liderlər turniri adlandırılan "A” turnirinin qalibi adını qazanıb.

Futzal
Futzal üzrə Azərbaycan kubokunun yarımfinal mərhələsinin oyunları keçirilib. Bu mərhələnin ən maraqlı qarşılaşması "Neftçi İdman Klubu” və "Xəzər adaları” komandaları arasında keçirilən matç olub. Komandamız Azərbaycan çempionatının sonuncu qalibini 8:4 hesabı ilə məğlubiyyətə uğradıb. Ölkə kubokunun həlledici final oyununda futzalçılarımız "Fənərbaxça” klubu ilə üz-üzə gələcəklər. Xatırladaq ki, həmin qarşılaşma may ayının 17-də keçiriləcək.

Paralimpiya
Cənubi Koreyanın paytaxtı Seulda paralimpiyaçılar arasında keçirilən İBSA Dünya Oyunlarında idmançılarımız böyük uğur qazanıblar. Üzgüçülük yarışlarında Dmitri Saley 100 metr məsafəni 57.54 saniyə nəticə ilə qət edərək qızıl medala yiyələnib. Eyni məsafəyə arxası üstə üzmə yarışında isə o, 1.03.05 saniyə nəticə göstərərək gümüş medala layiq görülüb. Digər üzgüçümüz Roman Saley isə həm 100 metr (01.01.97 saniyə), həm də 400 metr məsafəyə sərbəst üsulla üzmə yarışlarında (4 dəqiqə 38 saniyə) bürünc medala sahib çıxıb.
Paralimpiyaçılarımız atletika idman növü üzrə də yüksək nailiyyətlər əldə ediblər. Atletlərimizdən Kamil Əliyev uzunluğa tullanmada 7.01 sm nəticə göstərərək qızıl medal qazanıb. Nizəatma yarışlarında isə Vladimir Zayets 45.46 sm nəticə ilə gümüş medala layiq görülüb. Qeyd edək ki, adları çəkilən idmançıların hamısı "Neftçi İdman Klubu”nun yetirmələridir.

"Neftçi İdman Klubu” İctimai Birliyinin mətbuat xidmətı