Otüstü hokkeyçilərimiz Avropa klub çempionatında yarışacaqlar

Otüstü hokkeyçilərimiz Avropa klub çempionatında yarışacaqlar


Bu gün Bakının kişi otüstü hokkeyçilərdən ibarət "Atasport” və "Akkord” klubları Avropa Çempionlar kuboku turnirinə yola düşəcəklər. Ölkəmizin hər iki təmsilçisi oyunlarını 22-25 may tarixində keçirəcək. Xatırladaq ki, Azərbaycan çempionu "Atasport” ötən il "Trofi” divizyonunda III yeri tutub. Avropa Çempionlar Kubokunda "A” qrupuna daxil olan "Atasport”un mayın 22-də keçiriləcək ilk oyundakı rəqibi Çexiyanın "Slaviya Praqa” klubu olacaq. Bir gün sonra hokkeyçilərimiz Uelsin "Vitçeç”, mayın 24-də isə İtaliya təmsilçisi "Amsicora” ilə qarşılaşacaq. Yarışın sonuncu günü- mayın 25-də isə "A” və "B” qruplarında müvafiq yerləri tutan iştirakçıların pley-off oyunlarında yekun yerlər müəyyənləşəcək.
5 il əvvəl qitəmiqyaslı yarışın "Çelenc 5” divizyonunda debüt edən "Akkord” hər il 1 pillə irəliləsə də, ötən mövsüm Çexiyanın Rakovnik şəhərində keçirilən "Çelenc I” turnirində "Trofi” divizyonuna vəsiqə qazana bilməyib. Yarışı 4-cü yerdə başa vuran "Akkord” bu mövsüm mayın
22-dən 25-dək İsveçrənin Vettingen şəhərində yenidən "Çelenc I” divizionunda mübarizə aparacaq. "B” qrupunda yer alan həmyerlilərimiz ilk görüşlərini Türkiyənin "Qaziantep polis gücü” klubuna qarşı keçirəcəklər. Bir gün sonra rəqibimiz "Navax AHTC Vien”(Avstriya) olacaq. Mayın 24-də keçiriləcək son qrup oyununda "Akkord” Xorvatiyanın HANK "Mladost” komandası ilə qarşılaşacaq. Mayın
25-də pley-off oyunları olacaq. Qruplarda I-II və III - IV yerləri tutanlar çarpaz üsulla görüşəcəklər. Gələn ildən "Trofi” divizionunda hansı klubların yarışacağı məhz həmin gün məlum olacaq.
Bakının qadın otüstü hokkeyçilərdən ibarət "Atasport” klubu da cari mövsüm "Trofi” divizionunda yarışacaq. Mayın 21-dən 24-dək Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək yarışın "B” qrupuna daxil olan hokkeyçilərimiz mayın 21-də ilk oyunda Ukraynanın "Sumçanka” klubu ilə qarşılaşacaqlar. Komandamız ertəsi gün İrlandiyanın "Pembrok Vandeders”, mayın 23-də isə Belçikanın "Royal Vellington” klubuna qarşı oynayacaq. Əsasını milli komandamızın üzvləri təşkil edən "Atasport” növbəti mövsüm Avropa Klub Çempionatının yüksək dəstəsinə vəsiqə qazanmaq üçün qrupda I yeri tutmağa çalışacaq. Yarışın axırıncı günü - mayın 24-də qruplarda müvafiq yerləri tutan iştirakçılar pley-off mərhələsində bir-biri ilə qarşılaşaraq yekun yerləri müəyyənləşdirəcəklər.Qeyd etdiyimiz kimi, qrup qalibləri, final görüşünün nəticəsindən asılı olmayaraq, növbəti mövsüm qitənin ən güclüləri sırasında yarışmaq hüququ qazanacaqlar.