Vətənpərvərlik tərbiyəsi məktəbdən başlayır

Vətənpərvərlik tərbiyəsi məktəbdən başlayır

Orta məktəblərdə keçirilən bədən tərbiyəsi dərsləri şagirdlərdə düzgün bədən quruluşu, elastiklik yaratmaqla yanaşı, möhkəm iradə, dözümlülük kimi müsbət keyfiyyətlər aşılayır. Artıq uzun illərdir ki,respublikamızın bütün məktəblərində bədən tərbiyəsi ilə bərabər 10,11-ci sinif şagirdləri üçün Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni tədris olunur. Əlbəttə, bu da təsadüfi deyil. Gənclərdə hərb sənətinə daha çox maraq oyanmasında, onların vətənpərvərlik ruhunda tərbiyələndirilməsində, mərd, cəsur bir əsgər kimi yetişməsində bu fənnin böyük əhəmiyyəti var. Xüsusilə hazırkı dövrdə, yəni torpaqlarımızın 20 faizini işğal altında olduğu bir vaxtda məktəblərdə bu fənlərə lazımınca diqqət yetirilməsi daha vacibdir. Bu fənnlər üzrə məktəblər arasında keçirilən müxtəlif yarışlar uşaqlarda iradə, əzmkarlıq, mübarizlik kimi keyfiyyətlər aşılayır. Həmçinin bu dərslərin köməkliyi ilə biz şagirdlərdə üçrəngli bayrağa, ana torpağa, doğma vətənə sevgi daha da artır.
İdmanla məşğul olan məktəblilər Gənclərin çağırışaqədərki hərbi hazırlıq fənni ilə tanış olduqdan sonra müxtəlif yarışlarda daha məsuliyyətlə çıxış edirlər. Onlar öz vətənlərinin bayrağını fəxri kürsünün ən yüksək pilləsində dalğalandırmaq üçün əsil hərbçi əzmkarlığı göstərirlər.

Azərbaycan artıq bütün dünyada sürətlə inkişaf edən bir idman ölkəsi kimi tanınır. Tezliklə vətənimiz ilk Avropa Oyunlarına ev sahibliyi edəcək və bununla qitəmizin idman hərəkatında yeni bir ənənənin əsasını qoyacaq. İndiki məktəbli idmançılar gələcəkdə bu cür mötəbər yarışlarda uğurla çıxış edərək Azərbaycanın əsil idman ölkəsi olduğunu bir daha təsdiqləyəcəklər. Bu da şübhəsiz ki, vətənə məhəbbətdən, milli bayrağımızın hər şeydən üstün tutulmasından irəli gəlir.
Azərbaycan idmançılarının dünya arenalarında qazandıqları nailiyyətlər, uğurlar göz qabağındadır. Bu, məktəbli idmançıları həvəsləndirən, onları daha əzmkarlıqla mübarizə aparmağa səsləyən mühüm amildir. Son zamanlar uşaqlar arasında idmanın kütləviliyi daha da artıb. Bu da birbaşa hazırkı yeniyetmə nəslin bir neçə il sonra beynəlxalq yarışlarda vətənimizi layiqincə təmsil edəcəkərinə möhkəm zəmin yaradır.
Kənan Novruzov
70 saylı məktəb-liseyin 10-cu sinif şagirdi