Paytaxt məktəblərində də Avropa Oyunlarını həyəcanla gözləyirlər

Paytaxt məktəblərində də Avropa Oyunlarını həyəcanla gözləyirlər

Avropa Oyunlarına hazırlıq işləri tam başa çatdırılıb. Ölkəmiz Bakıda mübarizə aparacaq idmançıları qəbul etməyə hazırdır. Bu Oyunlar ölkəmizin inkişafına, beynəlxalq nüfuzuna öz müsbət təsirini göstərəcək.
Bəs görəsən, Bakıda yerləşən təhsil müəssisələrində Avropa Oyunları ilə bağlı nə düşünürlər. Bu suala cavab almaq üçün paytaxtımızın bir neçə məktəbində müəllimlər və şagirdlər arasında sorğu keçirdik. Respondentlərin cavabları bir daha göstərdi ki, ölkəmizdə Avropa Oyunları ilə bağlı aparılan təbliğat-təşviqat işləri öz bəhrəsini verib. Sorğuda iştirak edənlərin Oyunlar barədə geniş məlumata malik olması belə deməyə əsas verir. Sorğunun nəticələri ilə oxucuları tanış edirik.

Vasif Nabatov, Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün 5 saylı Respublika Xüsusi İnternat Məktəbinin təsərrüfat işləri üzrə direktor müavini:
- Ölkəmizdə idmana xüsusi dövlət qayğısı göstərilir. Respublikamızın uşaq, yeniyetmə və gəncləri müxtəlif idman növləri ilə həvəslə məşğul olurlar. Onlar üçün lazımi şərait yaradılıb. Məhz buna görədir ki, idman ölkəmizdə kütləvi xarakter alıb. Azərbaycan həm də bir sıra beynəlxalq turnirlərə ev sahibliyi edən bir məkandır. Gələn ay Bakıda Birinci Avropa Oyunları keçiriləcək. Bu Oyunlarla bağlı xalqımız kifayət qədər məlumata malikdir. Hər gün televiziyada və mətbuatda Oyunlar barədə müxtəlif məlumatlar yayımlanır. Bilirik ki, iyun ayının 12-də Avropa Oyunlarının açılış mərasimi olacaq. Oyunlarda 20 idman növü üzrə yarışlarda 6 min idmançı mübarizə aparacaq. Bakı-2015-in simvolu olan məşəl Azərbaycanın bölgələrində səyahət edir. Məşəlin estafetini televizorda izləyirəm. Bizim məktəbdə təhsil alan sağlamlıq imkanları məhdud uşaqlar da Avropa Oyunlarından xəbərdardırlar. Onlar Avropa Oyunları ilə bağlı stend də hazırlayıblar. Uşaqların əl işlərində Bakı-2015-in mənzərəsi yer alıb.

Nəriman Nəsirov, 63 saylı orta məktəbin bədən tərbiyəsi müəllimi:
- Xalqımız Avropa Oyunlarını səbirsizliklə gözləyir. Bu mötəbər idman yarışında qitənin ən güclü atletləri mübarizə aparacaqlar. Artıq oyunların açılış və bağlanış mərasimlərinin keçirilməsi üçün nəzərdə tutulan Milli Stadion istifadəyə verilib. Müasir görünüşü və dünya standartlarına cavab verməsi ilə fərqlənən bu stadion 68 min tamaşaçı tutumuna malikdir. Əlbəttə ki, bu hadisə Azərbaycan üçün böyük tarixi fürsətdir. Ölkəmizin mədəniyyətinin, tarixinin - bir sözlə, ictimai həyatının Avropaya tanıdılmasında Balı-2015 böyük rol oynayacaq.
Oyunlara gələn turistlər və idmançılar paytaxt Bakını daha yaxından tanıyacaq, xalqımızın yüksək mədəniyyətə malik olduğunu bir daha görəcəklər. İzləyicilərin sayının daha çox olması üçün, məncə, qiymətlər də ucuz olmalıdır. İndidən görürük ki, dünya mediası Avropa Oyunları ilə bağlı xəbərlərində Azərbaycanda idmanın inkişafı ilə bağlı geniş məlumatlar dərc edir. Bütün bunlar ölkəmizin qitədə, eləcə də dünyada tanınmasında əvəzsis rol oynayır. Mən əminəm ki, idmançılarımız bu yarışlarda onlara göstərilən etimadı doğruldacaqlar. Doğma arenalarda uğur qazanmaq onların borcudur.

Hafizə Mədətova, 200 saylı orta məktəbin bədən tərbiyəsi müəllimi:
- Hazırda Avropa Oynlarının məşəlinin estafeti bölgələrimizdə davam etdirilir. Məşəl 47 rayonumuzu gəzərək iyun ayının 7 Bakıya gətiriləcək. İyunun 12-də açılış, 28-də isə bağlanış mərasimi olacaq. Çalışacağam ki, bu mərasimlərdə, eləcə də digər yarışlarda iştirak edim. Şəxsən mən sevinirəm ki, Azərbaycanımız müasirləşib, inkişaf edib ki, Avropa Oyunları burada keçirilir. Ölkəmizdə müasir idman və Olimpiya komplekslərinin, Gimnastika Arenasının və bir çox qurğuların tikilməsi dövlətimizin inkişaf etməsini bir daha təsdiqləyir. Avropa Oyunları Azərbaycanın beynəlxalq nüfuzunu daha da artıracaq. Bu Oyunlar idmanın ölkəmizdə daha geniş şəkildə inkişafına müsbət təsir göstərəcək.

Ramazan Məmmədov, 6-cı sinif şagirdi:
- Avropa Oyunları iyun ayının 12-də başlayacaq və 17 gün davam edəcək. Ölkəmizə 6 min idmançı gələcək. 20 idman növü üzrə keçiriləcək yarışların hamısını izləmək istərdim. Təəssüf ki, bu mümkün deyil. Sinif yoldaşlarımdan bir neçəsi Avropa Oyunlarının açılış mərasiminə bilet alıb. Mən bilet ala bilmədim. Buna görə çox təəssüflənirəm. Amma yarışları izləyəcəyəm. İnanıram ki, bizim ölkənin idmançıları bir neçə növdə medal qazanacaqlar. Güləşçilərmiz və boksçularımız əksər yarışlarda fərqləniblər. Onlar Avropa Oyunlarında da uğurla çıxış edəcəklər.



Malik Namazov, 7-ci sinif şagirdi:
- Avropa Oyunları ilk dəfə Azərbaycanda keçiriləcək. Bakıya xaricdən bir çox idmançılar və turistlər gələcəklər. Avropa Oyunlarının məhz bizim ölkədə keçirilməsinin Azərbaycanın xarici ölkələrdə tanınmasında böyük rolu olacaq. Turistlər burada bizim tarixi yerləri gəzərək Azərbaycan barədə maraqlı məlumatlar toplayacaqlar. Mən güləş yarışlarına həvəslə baxıram. İdmançılarımızın qələbəsinə sevinirəm. Avropa Oyunlarında Azərbaycan pəhləvanları yaxşı çıxış edəcəklər. Buna çox inanıram. İstərdim ki, atletlərimiz çoxlu medal qazansınlar.

Rəfiqə Həsənova, 7-ci sinif şagirdi:
- Avropa Oyunları Azərbaycanda ilk dəfə keçiriləcək. Bunun bizim tariximizin, mədəniyyətimizin digər ölkələrdə tanınmasında böyük əhəmiyyəti olacaq. Bildiyimiz kimi, bundan əvvəl ölkəmizdə "Avroviziya-2012” keçirilmişdi. Həmin vaxtda ölkəmizə gələn turistlər mədəniyyətimizlə, xalqımızın həyat tərzi ilə tanış olmuşdular. Həmin vaxt televiziya vasitəsilə turistlər arasında sorğu keçirilmişdi. Mən həmin sorğunu izləyərkən qonaqların şəhərimizin necə gözəl və müasir olduğu barədə dediklərini eşitdim. Xarici qonaqlar Azərbaycan mətbəxinin necə dadlı və zəngin olduğunu da bildirmişdilər.


Ələkbər Həsənov, 7-ci sinif şagirdi:
- Oyunlar iyun ayının 12-də başlayacaq. Bakıya müxtəlif ölkələrdən 6 min idmançı gələcək. Avropa Oyunları haqda televiziya kanallarından və müəllimlərimizdən məlumat alırıq. Dərslərdən sonra sinif yoldaşlarımla bu barədə söhbət edirik. Mənə elə gəlir ki, yarışlar çox maraqlı olacaq. Yarışları izləmək istərdim. İdmançılarımızın çıxışlarını səbirsizliklə gözləyirəm. Ümumiyyətlə, Azərbaycan idmançılarının, xüsusi ilə güləşçilərimizin və boksçularımızın beynəlxalq yarışlarda uğur qazandıqlarını bilirəm. Çox istərdim ki, idmançılarımız Avropa Oyunlarında da qızıl medal qazanıb bizi sevindirsinlər.

Fərid Əliyev, 11-ci sinif şagirdi:
- Şəhərimiz tarixdə ilk dəfə keçiriləcək Avropa Oyunlarına ciddi şəkildə hazırlaşır. Paytaxtımızda yeni stadionlar, idman kompleksləri inşa olunur. Oyunlarda 49 ölkədən 6 min idmançı qələbə uğrunda mübarizə aparacaq. Cüdo, güləş, karate, boks yarışların izləmək ən böyük arzumdur. İdmançılarımızın qalib gəlməsini istəyirəm. Hazırda Avropa Oyunlarının məşəli respublikamızın bölgələrində səyahət edir və iyunun 12-də Milli Stadiona gətiriləcək. Bütün gənclər kimi, mən də idmançılarımıza uğurlar arzu edirəm. İnanıram ki, onlar öz qələbələri ilə xalqımızı sevindirəcəklər.


Samir Hüsüyev, 10-cu sinif şagirdi:
- Avropa Oyunlarının başlanmasına az vaxt qalıb. Bununla bağlı paytaxtımızda hazırlıq işləri sürətlənib. Mən Oyunlarla bağlı məlumatı daha çox televiziyadan alıram. Şübhəsiz ki, hazırlıq işlərini özüm də müşahidə edirəm. Bakının müxtəlif yerlərində təmir işləri aparılır. Bu, şəhərimizn daha da gözəlləşməsinə səbəb olur. 17 gün davam edəcək Oyunlarda 6 min idmançı 253 dəst medal uğrunda yarışacaq. Bilirəm ki, belə bir yarışın Bakıda keçirilməsi ölkəmiz üçün çox böyük hadisədir. Belə ki, bütün dünyanın nəzəri ölkəmizə yönələcək. Paytaxtımıza gələn qonaqlar xalqımızın zəngin tarixi və mədəniyyəti ilə tanış olacaqlar. Avropa Oyunlarına qitənin güclü idmançıları gələcəklər. Buna baxmayaraq, ümid edirəm ki, idmançılarımız yaxşı çıxış edəcəklər. Onların hər birinə uğurlar arzulayıram.

Leyla Əsədova,
Türkay Niftəliyeva