“Neftçi” İdman Klubu mini-futbol turniri keçirib

“Neftçi” İdman Klubu  mini-futbol turniri keçirib


"Neftçi” İdman Klubu SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin) neft, qaz və kimya sənayesi işçilərinin asudə vaxtlarının səmərəli təşkil olunması, onların və ailə üzvlərinin sağlamlıqlarının qorunmasını daim özünün prioritet məsələsi hesab edir. Klub mütəmadi olaraq SOCAR-ın işçiləri arasında idmanın müxtəlif növləri üzrə yarışlar təşkil edir.
"Neftçi İdman Klubu” bugünlərdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş mini-futbol turniri keçirdi. Suraxanı qəsəbəsində yerləşən Tofiq İsmayılov adına Olimpiya Təlim İdman Kompleksində təşkil olunan yarışda 20 komanda 4 qrupda mübarizə apardı. "A” qrupunda "Suraxanı Oil” Əməliyyat Şirkəti, Ekologiya İdarəsi, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "Qaz İxrac” İdarəsi, "Azərkimya” İstehsalat Birliyi, "B” qrupunda "Neft Daşları” NQÇİ, "Neftqaztikinti” Tresti, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi-2, "Bahar Enerji” Əməliyyat Şirkəti, "28 May” NQÇİ, "C” qrupunda İnformasiya Texnologiyaları və Rabitə İdarəsi-1, Qaz Emalı Zavodu, "Bibiheybətneft” NQÇİ, "Abşeronneft” NQÇİ, Dalma Qurğularının Təmiri və Kirayəsi üzrə Eksperimental İstehsalat Müəssisəsi, "D” qrupunda isə Nəqliyyat İdarəsi, "Neftqazelmitədqiqatlayihə” İnstitutu, "Siyəzənneft” NQÇİ, Geofizika və Geologiya İdarəsi və Qaz Anbarlarının İstismarı İdarəsi mübarizə aparırdılar.
Turnirin qaydalarına əsasən, hər qrupdan ilk iki yeri tutan komandalar dörddəbir final mərhələsinə vəsiqə qazanırdı. Bunu "A” qrupundan "Suraxanı Oyl” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu, "B” qrupundan "Bahar Enerji” Əməliyyat Şirkəti və "Neft Daşları” NQÇİ, "C” qrupundan İnformasiya Texnologiyaları və Rabitə İdarəsi-1, Dalma Qurğuları Müəssisəsi, "D” qrupundan isə Nəqliyyat İdarəsi və "Siyəzənneft” NQÇİ-nin komandaları bacardılar. Dörddəbir finalda "Suraxanı Oyl”, Heydər Əliyev adına BNEZ, İnformasiya Texnologiyaları və Rabitə İdarəsi-1, eləcə də Nəqliyyat İdarəsi fərqlənərək yarımfinala yüksəldi. Bu mərhələdə "Suraxanı Oil” "İnformasiya-1” komandasını 2:0 hesabı ilə məğlub etdi. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun komandası "nəqliyyatçılar” üzərində yalnız penaltilər seriyasında qələbə qazana bildilər (2:2, pen.7:6). Beləliklə, "Suraxanı Oyl” və Heydər Əliyev adına BNEZ-in komandaları finala vəsiqə qazandı. Üçüncü yer uğrunda keçirilən matç "İnformasiya-1” komandasının Nəqliyyat İdarəsi üzərindəki böyükhesablı qələbəsi ilə yekunlaşdı – 4:0. Həlledici final qarşılaşmasında isə "Suraxanı Oyl” və Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunun komandaları üz-üzə gəldilər. Komandaların hər ikisi yaxşı oyun nümayiş etdirsə də, "Suraxanı Oyl” qısa və dəqiq ötürmələri ilə diqqət çəkirdi. Taktiki planda da rəqibini üstələyən və daha baxımlı oyun sərgiləyən "Suraxanı Oyl” komandası vurduğu yeganə qolla matçın taleyini həll etdi – 1:0.
Mini-futbol turnirinin qalibi adını "Suraxanı Oyl” komandası qazandı. Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu 2-ci, Nəqliyyat İdarəsinin komandası isə 3-cü yeri tutdu. "Neftçi” İdman Klubu yarışda fərqlənənlərə təsis etdiyi "ən yaxşı oyunçu”, "ən məhsuldar oyunçu” və "ən yaxşı qapıçı” nominasiyalarına Kənan Nuriyev (Nəqliyyat İdarəsi), Tərlan Rüstəmov (Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) və Vüqar Cəfərov ("Suraxanı Oyl” Əməliyyat Şirkəti) layiq görüldülər.
Sonda təşkil olunan mükafatlandırma mərasimində "Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov çıxış edərək yarış iştirakçılarına klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun salamını və ən xoş arzularını çatdırdı. O, klubun mütəmadi olaraq, ümummilli lider Heydər Əliyevin şərəfinə müxtəlif turnirlər keçirdiyini söylədi və onun Azərbaycan idmanına göstərdiyi diqqət və qayğıdan geniş söhbət açdı. Klub rəsmisi turnirdəki fəal iştiraklarına görə onların hər birinə minnətdarlığını bildirdi və yarış iştirakçılarına gələcək fəaliyyətlərində ugurlar arzuladı və qalibləri təbrik etdi.
Turnirdə 1-ci, 2-ci və 3-cü yerləri tutmuş komandalara "Neftçi” İdman Klubu tərəfindən kubok, diplom və qiymətli xatirə hədiyyələri təqdim olundu. Nominasiya qalibləri də diplom və hədiyyələrlə mükafatlandırıldılar.




"Neftçi” İdman Klubu İctimai Birliyinin
mətbuat xidməti