Mayın 18-19-da Milli Gimnastika Arenasında gimnastlarımızın Avropa Oyunlarına son hazırlığı ilə bağlı yoxlama məşqləri keçirilib. Tədbirdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov iştirak edib.
Məşqlərin ilk günü qadın idman gimnastikası, aerobika və batut, ikinci gün isə bədii gimnastika, akrobatika və idman gimnastikası üzrə məşqlər keçirilib. Gimnastlarımız Avropa Oyunlarında təqdim edəcəkləri çıxışları nümayiş etdiriblər. Qeyd edək ki, Azərbaycan Avropa Oyunlarında gimnastikanın 6 növü üzrə 28 gimnastla təmsil olunacaq. Oyunlar çərçivəsində gimnastika yarışları iyunun 14-dən 21-dək keçiriləcək. İyunun 14-15-də qadın və kişi gimnastikası üzrə təsnifat mərhələsi keçiriləcək, komanda hesabında qaliblər müəyyənləşəcək. İyunun 17-də akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə tənifat yarışları keçiriləcək. İyunun 18-də kişi və qadın idman gimnastikası üzrə çoxnövçülük yarışlarının finalı təşkil ediləcək. İyunun 19-da bədii gimnastika üzrə fərdi proqramda, həmçinin akrobatika üzrə qadın və qarışıq qruplar arasında çoxnövçülük finalları baş tutacaq. Eyni gün paralel olaraq batut gimnastikası üzrə sinxron hərəkətlərdə və aerobika gimnastikası üzrə qruplar arasında təsnifat mərhələsi keçiriləcək. İyunun 20-də qadın və kişi idman gimnastikası üzrə ayrı-ayrı alətlərdə final mərhələsi olacaq. Yarışın əsas günü akrobatika, aerobika, batut gimnastikası, həmçinin bədii gimnastika üzrə finallarda gimnastlar mübarizə aparacaqlar.
Yoxlama məşqlərinin gedişi zamanı Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov və bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi Mariana Vasileva komandanın Avropa Oyunlarına son hazırlığı barədə KİV nümayəndələri ilə fikirlərini bölüşdülər.
"Azərbaycan Avropa idmanı tarixində yeni səhifə açacaq”
Altay Həsənov, Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti: - Tarixdə ilk dəfə Azərbaycanda keçiriləcək Avropa Oyunlarına az müddət qalıb. Düşünürəm ki, Avropa Oyunlarını təşkil etməklə Azərbaycan Avropa idmanı tarixində yeni səhifə açacaq. Oyunlar zamanı gimnastika yarışları iyunun 14-dən 21-dək Milli Gimnastika Arenasında keçiriləcək. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında gimnastlarımızın Avropa Oyunlarına hazırlığı yüksək səviyyədə həyata keçirilir. İdmançılarımız yarışlara ciddi hazırlaşırlar. Komandanın Avropa Oyunlarında yüksək səviyyədə çıxışı üçün lazımi işlər görülür. Yeni istifadəyə verilən Milli Gimnastika Arenasında məşqlərin ən yüksək səviyyədə keçirilməsi üçün hər cür şərait var. Çox istərdik ki, komandamız uğurla çıxış etsin. Yığma komandanın üzvləri bu yarışa tam qüvvələri, böyük həvəs, məsuliyyətlə hazırlaşırlar. Yoxlama məşqlərində idmançıların hazırlıq səviyyəsini bir daha sınaqdan keçirdik. Zədələr olmasa və hakimlər yarışlarda öz işlərini düzgün yerinə yetirsələr, komandamızın medal şansları daha çox olacaq. İdmansevərlərin hər birini Avropa Oyunlarında yarışları seyr etməyə dəvət edirəm. Yarışlar üçün nəzərdə tutulan biletlər çox ucuzdur. Heç Avropada belə qiymətlər yoxdur. Bildiyiniz kimi, ölkəmizdə bədii gimnastika daha çox inkişaf edib. Bununla belə digər idman növlərini də inkişaf etdiririk. Avropa Oyunları bizə təkan verdi ki, digər idman növlərini də inkişaf etdirək. Bunlar aerobika, qadın idman gimnastikası və batutdur. Gələcəkdə bu idman növlərindən də nailiyyətlər gözləyirik. Doğma divarlar idmançılarımıza həm kömək edəcək, həm də onların məsuliyyətini artıracaq. Hazırda komandanın psixoloji durumu yaxşıdır. Düzdür, bəzi səhvlər var. Medalların sayını açıqlamaq istəmirəm, amma inanıram ki, Avropa Oyunlarında gimnastlarımız ən yüksək səviyyədə çıxış edəcəklər.
"İnanıram ki, Avropa Oyunlarında azarkeşləri sevindirəcəyik”
Mariana Vasileva, bədii gimnastika üzrə yığma komandanın baş məşqçisi: - Bu cür yoxlama məşqinin keçirilməsi ilə bağlı qərar qəbul edilməsi məni çox sevindirdi. Burada biz komandaların hazırlığını hərtərəfli nəzərdən keçirdik. Çıxışlar zamanı idmançılar bir sıra səhvlərə yol verdilər. Əlbəttə ki, bir məşqçi kimi bu məni narahat edir. Bu çatışmazlıqlar əsasən onların psixoloji-emosional vəziyyəti ilə bağlıdır. Bilirəm ki, Avropa Oyunları zamanı da idmançılarımız eyni həyəcanı yaşayacaqlar. Komanda yarışlara bir ildən çoxdur ki, hazırlaşır. Bədii gimnastika yarışlarında ölkəmizi fərdi yarışlarda Avropa çempionatının bürünc mükafatçısı Marina Durunda və Ayşən Bayramova təmsil edəcəklər. Eləcə də yarışlarda böyüklərdən ibarət qrup hərəkətləri üzrə yığmamız çıxış edəcək. Bildiyimə görə, bədii gimnastika yarışlarına çoxlu sayda biletlər satılıb. Bu onu göstərir ki, gimnastika Azərbaycanda kifayət qədər populyar idman növüdür. İnanıram ki, Avropa Oyunlarında azarkeşləri sevindirəcəyik. Fərdi yarışlarda Avropanın 20 ən güclü gimnastı mübarizə aparacaq. Qrup hərəkətləri üzrə yarışlarda isə 12 ən güclü komanda çıxış edəcək. Rəqabət güclü olduğundan tanınmış və güclü gimnastlardan bəziləri finala düşməyə də bilər. Bunu görə də idmansevrələrə təkcə final qarşılaşmalarını deyil, ilkin mərhələri də izləməyə tövsiyə edirəm.
Aysel