FİDE reytinqinin lideri “hind pələngi”nə qarşı

FİDE reytinqinin lideri “hind pələngi”nə qarşı

Martın 15-də Böyük Britaniyanın paytaxtı Londonda start götürən şahmat üzrə iddiaçılar turniri aprelin 1-də başa çatıb. Xəbər verdimiz kimi, 8 qrossmeysterin iştirakı ilə keçirilən iki dövrədən ibarət yarışda ölkəmizi Teymur Rəcəbov (2793) təmsil edib. Azərbaycan şahmatçısı bu yarışda Maqnus Karlsen (Norveç, 2872), Vladimir Kramnik (Rusiya, 2810), Levon Aronyan (Ermənistan, 2809), Aleksandr Qrişuk (Rusiya, 2764), Vasili İvançuk (Ukrayna, 2758), Petr Svidler (Rusiya, 2747) və Boris Gelfand (İsrail, 2740) kimi güclü rəqiblərinə qarşı mübarizə aparıb. Ötən sayımızda keçirilən 13 tur barəsində məlumat vermişdik.

Son turda qrossmeysterimiz Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla qarşılaşıb.
İlk görüşdə ermənistanlı rəqibinə uduzan həmyerlimiz, təəssüf ki, bu dəfə də rəqibinə müqavimət göstərə bilməyib. Keçirilən görüşlərin yekunlarına əsasən, Teymur Rəcəbov iddiaçılar turnirini sonuncu pillədə yekunlaşdırıb. Dünya şahmat tacının sahibi hindistanlı Vişvanatan Anandla oynamaq üçün təşkil olunan yarışın norveçli lideri, qrossmeyster Maqnus Karlsen sonuncu turda Petr Svidlerə uduzsa da, bu, tarixi görüş üçün maneəyə çevrilməyib. Maraqlıdır ki, onunla eyni xala malik rusiyalı Vladimir Kramnik də Vasili İvançukla oyunda "şah”ını qurban verib.
23 yaşlı norveçli "vunderkind” qələbə sayına görə ən yaxın izləyicisini qabaqlayaraq dünya şahmat tacı uğrunda görüşə vəsiqə əldə edib.
Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla yarışıblar.

14-cü tur
Teymur Rəcəbov (Azərbaycan, 2793) - Levon Aronyan (Ermənistan, 2809) - 0:1
Maqnus Karlsen (Norveç, 2872) - Petr Svidler (Rusiya, 2747) - 0:1
Vasili İvançuk (Ukrayna, 2757) - Vladimir Kramnik (Rusiya, 2810) - 1:0
Boris Gelfand (İsrail, 2740) - Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5

Yekun cədvəl:
1-2. Maqnus Karlsen, Vladimir Kramnik - 8,5 xal, Levon Aronyan, Petr Svidler - 8 xal, Aleksandr Qrişuk, Boris Gelfand - 6,5 xal, Vasili İvançuk - 6 xal, Teymur Rəcəbov- 4 xal.