Türkiyənin Antalya şəhərində Mithat Bayrak və İsmət Atlının xatirəsinə sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclər arasında 18-ci beynəlxalq turnir start götürüb.
Turnirin ilk günündə Azərbaycan güləşçiləri 2 qızıl və 1 bürünc medal qazanıblar.
Sərbəst güləşçilərin yarışında mübarizə aparan Teymur Məmmədov (66 kq) bütün rəqiblərindən üstün olub. Finalda o, rusiyalı rəqibinə qalib gəlib. Eyni çəkidəki digər güləşçi Vurğun Əliyev 5-ci olub.
Yunan-Roma güləşçilərinin mübarizəsində Nofəl Babayev (50 kq) bütün rəqiblərindən üstün olub və turnirin qızıl medalına sahib olub. Ruhin Mikayılov (66 kq) isə 5-ci yerlə kifayətlənib.
Gənc qızların yarışında Almaz İsmayılova (55 kq) fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, turnir mayın 24-də yekunlaşacaq.