“Atasport” bürünc medala layiq görülüb

“Atasport” bürünc medala layiq görülüb

Xəbər verdiyimiz kimi, Bakının kişi və qadın otüstü hokkeyçilərdən ibarət "Atasport” və "Akkord” komandaları Avropa klub çempionatı turnirində mübarizə aparırlar. Belarus Respublikasının paytaxtı Minsk şəhərində keçirilən qitəmiqyaslı yarışın "Trofi” divizyonunda çıxış edən qadın otüstü hokkeyçilərdən ibarət "Atasport” klubu ilk olaraq mayın 21-də ilk oyununu keçirib. Ukraynanın "Sumçanka” komandası üzərində 2:1 hesablı qələbə qazanan qızlarımız növbəti 2 turda İrlandiyanın "Pembrok Vandeders” və Belçikanın "Royal Vellington” klubları ilə qarşılaşıblar. Hər iki oyun heç-heçə başa çatıb - 2:2. Belçika hokkeyçiləri həmyerlilərimizlə eyni xal toplasalar da, topların fərqinə görə, onlar "B” qrupunda 1-ci yeri tutublar. "Atasport” isə qrup ikincisi kimi "A” qrupunda II nəticə göstərən yerli "Minsk” komandası ilə III yer uğrunda qarşılaşıb. Təəssüf ki, hokkeyçilərimiz həmin oyunda 1:4 hesabı ilə uduzublar. Gələn il Avropa klub çempionatinin yüksək dəstəsində yarışmaq hüququ qazanan qrup qalibləri- "Real Vellington” (Belçika) və "Hamburq”(Almaniya) klublarının final qarşılaşmasında Almaniya hokkeyçiləri rəqiblərini 10:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Rusiyanın "Metrostroy” və İrlandiyanın "Pembroke Vandeders” komandaları isə VII-VIII yerləri tutmaqla növbəti mövsüm Avropa klub çempionatının "Çelenc I” divizyonunda mübarizə aparmaq məcburiyyətində qalıblar.
Ölkəmizin kişi otüstü hokkeyçilərdən ibarət "Atasport” və "Akkord” klubları oyunlarını mayın 22-25 tarixində keçiriblər. Lakin hokkeyçilərimiz top fərqinə görə, Çexiyanın "Slaviya Praqa” komandasının "B” qrupunun qalibi olmasını əngəlləyə bilməyiblər. Mayın 22-də keçirilən ilk turda Çexiya hokkeyçiləri ilə görüşü heç-heçə (2:2) başa vuran həmyerlilərimiz ertəsi gün Uelsin "Vitçeç”, bir gün sonra isə İtaliya təmsilçisi "Amsicora” üzərində 3:1 hesablı qələbə qazanıblar. Bu nəticə "A” qrupuna daxil olan "Atasport”un 2-ci yer tutmasına imkan verib. Komandamızın rəqibi Çexiyanın "Slaviya Praqa” klubu da eyni miqdarda xal toplayıb. Lakin vurulan və buraxılan topların sayına görə çexlər qrup lideri olublar. Dünən hokkeyçilərimiz Pley-off mərhələsində İrlandiyanın "Thre Rosk Rovers” komandası ilə qarşılaşıblar. Həmin oyunda 3:2 hesabı ilə qalib gələn "Atasport” bürünc medala layiq görülüb.
Bakının kişi hokkeyçilərdən ibarət "Akkord” klubu Türkiyənin "Qaziantep Polis Gücü” klubu ilə qarşılaşıb. Görüşün 44-cü dəqiqəsində hesabı 3:1-ə çatdıran hokkeyçilərimiz matçın sonunadək öz qapılarından üç cavabsız top buraxaraq 3:4 hesabı ilə uduzublar. Mayın 23-də "Navax AHTC Vien”(Avstriya) klubuna 1:2, son qrup oyununda isə Xorvatiyanın HANK "Mladost” komandasına 1:4 hesabı ilə uduzan "Akkord” "B” qrupunda sonuncu-IV-cü yeri tutub. Pley-off mərhələsində "Servette”(İsveç) klubu ilə qarşılaşan hokkeyçilərimiz məğlub olublar- 1:2. Beləliklə, "Akkord” gələn mövsüm "Çelenc II” divizyonunda yarışmaq məcburiyyətində qalıb.