Mini-futbol turnirinin açılış mərasimi olub

Mini-futbol turnirinin açılış mərasimi olub

Dövlət Sosial Müdafiə Fondunda (DSMF) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Fondun strukturlarının komandaları arasında mini futbol turnirinin açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən DSMF-nin sədri Səlim Müslümov ulu öndər Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti dövrünün Azərbaycan tarixinin ən parlaq hissəsi olduğunu deyib.
"Hazırda ölkəmizin həyatının bütün sahələrində ümummilli liderimizin müəyyənləşdirdiyi prinsiplər uğurla gerçəkləşdirilməkdədir”, - deyən DSMF-nin sədri vurğulayıb ki, ulu öndər Heydər Əliyev idman sahəsinə də xüsusi diqqət göstərib və bu qayğının sayəsində Azərbaycanda idmanın inkişafı, kütləviləşməsi üçün də mükəmməl baza formalaşıb. "Bu baza bədən tərbiyəsi və idmanı geniş coğrafi məkanda inkişaf və təbliğ etdirməyə, yüksək nailiyyətlər əldə etməyə imkan yaradıb və Azərbaycanda idmanın qısa müddətdə sürətli inkişafı Prezident İlham Əliyevin Milli Olimpiya Komitəsinə rəhbərliyi sayəsində reallığa çevrilib”, - deyə o əlavə edib.
Fondun sədri nəzərə çatdırıb ki, DSMF-də artıq neçə illərdir ümummilli liderin doğum günü ərəfəsində müxtəlif kütləvi tədbirlər təşkil olunur və bunlardan biri də mini-futbol turniridir.
Tədbirdə qeyd olunub ki, mini futbol turnirinin qalibləri ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində müəyyənləşəcək, qalib komandalara kubok, medallar və pul mükafatları təqdim olunacaq.