Naxçıvan Dövlət Universitetində “Universiada - 2013”-ə start verilib

Naxçıvan Dövlət Universitetində “Universiada - 2013”-ə start verilib


Naxçıvan Dövlət Universitetində (NDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş "Universiada-2013”-ün proqramına daxil olan idman yarışları başlayıb. Açılış mərasimində universitetin rektoru, akademik İsa Həbibbəyli Azərbaycanda idmanın inkişafına göstərilən diqqət və qayğıdan, bu il martın 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti ilə bağı keçirilən müşavirədə qarşıya qoyulan vəzifələrdən bəhs edib. Azərbaycan birinciliyində uğur qazanacaq sabit komandalar formalaşdırmaq kimi zəruri məsələlərdən danışıb. Naxçıvan Dövlət Universitetində səfərdə olan Rusiyanın Penza Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Yuri Mazey iki universitet arasında idman sahəsində də əməkdaşlığın əhəmiyyətindən söz açıb. Universitetin fiziki tərbiyə və idman oyunları kafedrasının baş müəllimi Məmmədəli Rəhimov "Azərbaycanda Olimpiya Hərəkatı” mövzusunda məruzə edərək Azərbaycan Milli Olimpiya Komitəsinin yaranması və fəaliyyəti, idmançılarımızın Olimpiya oyunlarında uğurlu iştirakı, onların fəaliyyətlərinin dövlət tərəfindən yüksək qiymətləndirilməsi barədə məlumat verib. Məruzəçi ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş universiadanın tələbələr arasından perspektivli idmançıları müəyyənləşdirəcəyini, universitetin respublika və beynəlxalq miqyaslı idman yarışlarında uğurla təmsil olunmasına şərait yaradacağını vurğulayıb.
Sonra universiada çərçivəsində ilk idman yarışına start verilib. Pedaqoji fakültənin oğlanlardan ibarət voleybol komandası təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin idmançılarını 3:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, universiada bir neçə gün davam edəcək, qaliblər kubok və diplomlar ilə təltif olunacaqlar.