Bakıda AOK-un Olimpiya Oyunları Komissiyasının növbəti görüşü keçirilmişdir

Bakıda AOK-un Olimpiya Oyunları Komissiyasının növbəti görüşü keçirilmişdir

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) verilən məlumata görə, bu gün Bakı şəhərində Avropa Olimpiya Komitəsinin (AOK) Olimpiya Oyunları Komissiyasının növbəti iclası keçirilmişdir. Hər il mütəmadi olaraq bir araya gələn AOK Olimpiya Oyunları Komissiyasının üzvləri müxtəlif Olimpiya Oyunları haqqında hesabatları müzakirə etməklə yanaşı, Avropa ölkələrinin milli Olimpiya komitələrinə fərqli istiqamətlərdə tövsiyələrlə çıxış edirlər. Olimpiya Oyunları Komissiyasının Bakı yığıncağında ötən il London şəhərində keçirilmiş XXX Yay Olimpiya Oyunları haqqında Komissiyanın işçi qrupunun apardığı tədqiqatların nəticələr, Avropanın milli Olimpiya komitələrinin London-2012-də qazandıqları nailiyyətlər və qarşıda duran məqsəd və vəzifələr əsas müzakirə mövzusu olmuşdur.

London- 2012 Yay Olimpiya Oyunlarında təşkilatçılıq və yarışların keçirilmə səviyyəsi müzakirə olunduqdan sonra komissiya üzvləri AOK-un ümumi nailiyyətləri ilə dünya göstəriciləri arasında müqayisəli təhlil aparmışlar.
Günün ikinci yarısı isə Bakı 2015 Avropa Oyunlarının təşkili ilə əlaqədar olaraq, Olimpiya Komissiyası üzvləri Oyunların keçirilməsi üçün nəzərdə tutulmuş idman obyektlərinə səfər etmişlər.
Qeyd etmək lazımdır ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilən iclasında 2015-ci il Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul edilmişdir.
Yekun olaraq vurğulanmalıdır ki, Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasının tərkibi Azərbaycanla yanaşı, Böyük Britaniya, Danimarka, Finlandiya, İspaniya, İsrail, İsveç, Türkiyə və s. ölkələrin Milli Olimpiya Komitələrini təmsil edən yüksək vəzifəli şəxslərdən ibarətdir. Qeyd edək ki, Azərbaycanı Respublikası Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları Komissiyasında AR Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə təmsil edir.