Yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıblar. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.
İkinci yarış günündə 66 kq, 75 kq, 85 və 130 kq çəki dərəcəsində yunan-Roma güləşçiləri mübarizə aparırlar. Avropa və dünya çempionu Həsən Əliyev birinci Avropa Oyunlarında dörddəbir final mərhələsinə yüksəlib. Gürcüstanlı rəqibi Saçino Davitayanı məğlub edən Həsən Əliyev səkkizdəbir final mərhələsində Xorvatiya idmançısı Daniel Janeciçdən üstün olub. Dörddəbir finalda güləşçimizin rəqibi Mixail Siamionau (Belarus) olacaq.
Saman Təhmasibi (85 kq) italiyalı Fabio Parisi məğlub edərək səkkizdəbir final mərhələsinə yüksəlib. Onun növbəti rəqibi Ermənistan güləşçisi Maksim Manukyandır.
Avropa çempionatının gümüş mükafatçısı və yeniyetmələr arasında dünya çempionu Elvin Mürsəliyev azarkeşləri sevindirib. Slovakiya güləşçisi Riçard Riqo üzərində qələbə qazanan pəhləvanımız səkkizdəbir final mərhələsində Mateuz Volnı (Polşa)-İonel Puskau (Rumıniya) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.