Gimnastlarımız Avropa Oyunlarında bürünc medal qazandılar

Gimnastlarımız Avropa Oyunlarında bürünc medal qazandılar



Bu gün Bakı-2015 I Avropa Oyunlarında idman gimnastikası üzrə yarışlarda ilk mükafatçılar müəyyənləşib. Milli Gimnastika Arenasında keçirilən yarışların 2-ci günündə kişi komandaların mübarizəsinə yekun vurulub.
26 komandanın mübarizəyə başladığı yarış Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatını qazanıb.
6 hərəkətin cəmində 174,195 xal qazanan yığmamız fəxri kürsünün 3-cü pilləsində yer alıb. Rusiya (178,963) birinci, Ukrayna (177,429) ikinci olub. Bu, yığmamızın Oyunlarda 14-cü medalıdır. Bunadək komandamız 6 qızıl, 2 gümüş və 5 bürünc medal qazanmışdı. Qeyd edək ki, fərdi yarışda Stepko təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Yekunda 88,231 xal toplayan gimnastımız ukraynalı Oleq Vernyayev (91,532) və rusiyalı Nikita İqnatyevdən (89,065) geri qalıb. Digər təmsilçilərimiz Petro Paknyuk 73,231, Eldar Səfərov 69,665 xal toplayıb.