Avropa Oyunlarında gimnastika yarışları Azərbaycan millisi üçün tarixi uğurla başa çatıb. Heyətində Oleq Stepko, Petro Paknyuk və Eldar Səfərovun çıxış etdiyi komandamız Avropa Oyunlarının bürünc mükafatını qazanıb. Yarışlardan sonra komandanın üzvləri Petro Paknyuk, Eldar Səfərov fikirlərini bizimlə bölüşüb.
«Sevinirəm ki, bu gün yığma komandamızın aktivinə növbəti medalı əlavə etdik»
Eldar Səfərov:
- Komanda şəklində yüksək səviyyədə çıxış etdik. Amma qızıl medal qazana bilmədik. Göründüyü kimi rəqiblərimiz çox güclü idilər. Lakin birlikdə üzərimizə düşən məsuliyyəti hiss edib, bürünc medala layiq görüldük. Düşünürəm ki, bir müddət əvvəl çiynimdən və ayağımdan aldığım zədə olmasaydı nəticəmiz daha yaxşı olardı. Sevinirəm ki, bu gün yığma komandamızın aktivinə növbəti medalı əlavə etdik.
«Bu medalı qazanmaq üçün çox əziyyət çəkmişik»
Petro Paknyuk:
- Avropa Oyunlarına çox ciddi hazırlaşmışdıq. Qələbə üçün əlimizdən gələni etdik. Bu medalı qazanmaq üçün çox əziyyət çəkmişik. İdman gimnastikası çətin və zədə alma ehtimalı yüksək olan idman növüdür. Yarışın ilk günü ciddi zədə aldım. Bu isə çıxışıma təsirsiz ötüşmədi. Əsas rəqiblərimiz Rusiya, Ukrayna, İngiltərə, Almaniya, İtaliya komandaları idi. Sevinirəm ki, Avropa Oyunları bizim üçün uğurlu oldu.
olimpnews.az