“Qadın idmanı və qadın idman jurnalistikası” mövzusunda seminar keçirilib

“Qadın idmanı və qadın idman jurnalistikası” mövzusunda seminar keçirilib


Aprelin 14-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında "Qadın idmanı və qadın idman jurnalistikası” mövzusunda seminar keçirilib.
Olimpnews.az saytının verdiyi məlumata görə, seminarı ABŞ-ın ölkəmizdəki səfirliyinin dəvəti ilə Azərbaycanda səfərdə olan Birləşmiş Ştatların ESPN Televiziya Xəbərləri şəbəkəsinin aparıcı idman jurnalisti, Kolumbiya Universitetinin jurnalistika üzrə professoru xanım Ceyn MakManus aparıb.
Qeyd edək ki, xanım MakManus 1998-ci ildən idman jurnalistikası sahəsində çalışır. Maraqlıdır ki, onun yazıları «Newsday», «USA Today», «The Journal News» və « The New York Times» qəzetlərində nəşr olunur. Xanım MakManus həm də peşəkar roller derbi idmançısıdır və Nyu Cersi «Suburban Brawn» roller derbi komandasının üzvüdür.
C.MakManus ABŞ-da qadın idmanının inkişaf tarixindən, hazırda bu ölkədə qadınların idmana cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib. Qonaq bildirib ki, qadınlar arasında idmanın kütləviliyinin təmin olunması istiqamətində ABŞ-da bir neçə qanun qəbul edilib və ilk dəfə ABŞ-da kişi və qadın arasında yarış idmanın tennis növü üzrə keçirilib. Bu yarışda xanım Billi Jean King rəqibi Bobbi Riggsə qalib gəlib.
Qonaq C.MakManus ABŞ-ın tanınmış qadın idmançılarından olan sürətli maşın sürücüsü Danila Patrik, basketbolçu Britni Griner və tenniççi Serena Uilyams barədə seminar iştirakçılarına məlumat verib və onların qazandığı nailiyyətlərdən danışıb. Amerikalı jurnalist onu da vurğulayıb ki, hazırda dünyada qadınlar məşğul olduqları idman sahələrində əlavə böyük gəlir əldə edirlər. Dünyada kifayət qədər tanınan qadın idmançılar bir çox şirkətlərin, brendlərin və məhsulların siması seçilir və bundan böyük mənfəət qazanırlar.
Azərbaycanda qadın idmanın inkişafı istiqamətində atılan addımları yüksək qiymətləndirən C.MakManus ötən il Azərbaycanda təşkil olunmuş futbol üzrə FİFA U-17 qadınlararası dünya çempionatının möhtəşəm təşkil olunduğunu diqqətə çatdırıb. Qonaq vurğulayıb ki, Azərbaycanda idman sahəsində qazanılan uğurlar çox sevindiricidir. Bakıdan əvvəl Gəncədə olmuşam və idman, bədən tərbiyəsi ilə məşğul olan qadın mütəxəssislərlə görüşmüşəm.
Sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Ağacan Abıyev qonağı nailiyyətlər qazanmış qadın idmançılarla tanış edib.
Görüşün sonunda C.MakManus seminar iştirakçılarının suallarını cavablandırıb.