İki idmançımız Avropa çempionu oldu

İki idmançımız Avropa çempionu oldu




Millimizə ikinci qızıl medalı İntiqam Zairov qazandırıb   


Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı başa çatıb. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan idmançıları üçün bu yarış uğurla yekunlaşıb. Belə ki, ağırlıqqaldırma üzrə milli komandamız isə Avropa çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla başa vurub.   
Komandamıza ikinci qızıl medalı 94 kq çəki dərəcəsində çıxış edən atletimiz İntiqam Zairov qazandırıb.   
Birdənqaldırma hərəkətində əvvəlcə 173 kq, sonra 177 kq, son yanaşmasında isə 180 kq-ı ram edən atletimiz rəqiblərini üstələyib. İntiqam rusiyalı Rinat Kireyevi 7 kq qabaqlayıb. Təkanla qaldırma hərəkəti də idmançımız üçün uğurlu olub. O, əvvəlcə 210 kq-ın öhdəsindən bacarıqla gələrək, əsas rəqibini 9 kq qabaqlayıb. İkinci yanaşmada 215 kq, sonra isə 216 kq-ı qaldıran Zairov, təkanla qaldırmada da qızıl medala layiq görülüb. Beləliklə, iki hərəkətin cəmində atletimiz 396 kq (180 kq + 216 kq) nəticə göstərək Avropa çempionu tituluna yiyələnib. 
Qeyd edək ki, dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında iştirakçısı olan İntiqam Zairov ilk medalını 2009-cu ildə Buxarestdə keçirilən Avropa çempionatında qazanıb. Bu çempionatda 85 kq çəki dərəcəsində çıxış edən ağırlıqqaldıranımız fəxri kürsünün ikinci pilləsində qərar tutub.  
Tiranada qadın təmsilçimiz Alyona Kiriyenko da öz qüvvəsini sınayıb. 69 kq çəki dərəcəsində çıxış edən idmançımız birdənqaldırma hərəkətində əvvəlcə 93 kq-ın öhdəsindən gəlib. Lakin növbəti yanaşmalarda atletimizin 96 kq ağırlığa gücü çatmayıb. Bu nəticə ilə  Alyona bu mərhələni 7-ci pillədə başa vurub. Təkanla qaldırmada isə Alyona daha uğurlu çıxış edib. O, 115 kq-nın öhdəsindən gəlib. Sonrakı sifarişdə qaldırdığı çəkiyə 8 kq ələvə edən xanım ağırlıqqaldıranımız bu çəkini də ram etməyə nail olub. Üçüncü yanaşmada 124 kq ağırlıq isə onun üçün çətin olub. Bu göstərici ilə Alyona təkanla qaldırmada  5-ci olub. İki hərəkətin cəmində 216 kq (93 kq + 123 kq) nəticə göstərən Alyona Kirilenko  4-cü yerə layiq görülüb. Xatırladaq ki, bundan əvvəl keçirilən analoji yarışda təmsilçimiz qitə çempionatını 9-cu yerdə başa vurmuşdu. 
Qeyd edək ki, millimiz Tiranada keçirilən dünya çempionatını 1 qızıl (Valentin Xristov 62 kq), 2 gümüş (Silviya Angelova 48 kq və Sərdar Həsənov 69 kq) və 1 bürünc (Zülfüqar Süleymanov 62 kq) medalla başa vurub. 
Məlumat üçün bildirək ki, ötən il Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Azərbaycan yığma komandası 3 qızıl və 2 bürünc medal qazanmışdı.

Anar Əhmədov